Qədim Şuşadan Bülbül avazı

 

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülün (1897-1961) anadan olmasının 125 illiyi münasibətilə avqustun 18-də sənətkarın Şuşa şəhərindəki ev-muzeyində tədbir təşkil edilib.

“Qədim Şuşadan Bülbül avazı” adlı tədbir sənətkarın Bakıdakı memorial muzeyinin, Şuşadakı ev-muzeyinin və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Bülbülün Ev-Muzeyinin direktoru Fəxrəddin Hacıbəyli azad Şuşada ilk bərpa olunan və fəaliyyətə başlayan muzeyin tarixi, yenidən qurulan ekspozisiyası barədə danışıb. Tədbirin təşkilatçılarından Murad Həsənxanlı Bülbül irsinin gənclər arasında geniş təbliğ olunması istiqamətində görülən işlərdən bəhs edib.

Beynəlxalq müsabiqələr laureatı Əli Vahidov Bülbülün repertuarından “Ölkəm”, “Sənsiz”, “Sevgili canan” romanslarını ifa edib.

 

Mədəniyyət.- 2022.- 24 avqust.- S.4.