“Sənət və sənətkarlar”

 

Masallı RMİ Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi, GİKM Masallı  nümayəndəliyinin birgə təşkilatçılığı ilə xalq tətbiqi sənətinin inkişafı və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı “Sənət və sənətkarlar” adlı səyyar tədbir keçirilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarına dulusçuluq və həsirçilik sənəti haqqında məlumat verib.

Tədbir iştirakçıları Ərkivan qəsəbəsinin sakini, dulusçu sənətkar Cəsarət Nuriyevin emalatxanasında olublar. C.Nuriyev bölgənin qədim sənət nümunələrindən olan dulus qablarının hazırlanma texnologiyasından danışıb, bu işin icra prosesini əyani şəkildə göstərib. Gənclər gildən hazırlanmış müxtəlif qablarla yaxından tanış olduqdan sonra özlərini bu sənətdə sınayıblar.

Layihə çərçivəsində gənclər Şatıroba kəndində həsirçi Fəridə Həşimovanın lığ və pizədən həsir, zənbil, papaq, tərəzi və digər əşyaların hazırlanma prosesi ilə tanış olublar. Onlar yer həsiri dəzgahı arxasında həsir də toxuyublar.

Hər iki sənətkar gəncləri bölgənin qədim sənətkarlıq növləri ilə tanış olmağı və bu sənətə yiyələnməyi tövsiyə edib.

 

Mədəniyyət.- 2022.- 24 avqust.- S.4.