Qonağımız var” layihəsində daha bir görüş

 

Avqustun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsi çərçivəsində Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, dosent Təranə Muradova ilə görüş keçirilib.

Baş idarədən bildirilib ki, tədbirin aparıcısı – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gültac Əlili iştirakçıları salamlayaraq Xalq artistinin həyat və yaradıcılığı haqqında məlumat verib.

Qeyd olunub ki, bu cür görüşlərin bir məqsədi də gənclərdə estetik zövqün formalaşması, onların incəsənətə marağının təşviq edilməsidir.

Görüşdə Təranə Muradova tamaşaçıları maraqlandıran sualları cavablandırıb,  xoreoqrafiya sənəti ilə məşğul olan gənc rəqqaslara tövsiyələrini verib.

Görüşdə Mərdəkan Mədəniyyət Sarayının “Lalələr” və “Azad” rəqs kollektivlərinin və Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs qrupunun gənc rəqqasları iştirak ediblər. Xalq artisti gənc rəqqaslara “Uzundərə”, “Yallı” və digər milli rəqs nümunələrindən ustad dərsi keçib.

Sonda Təranə Muradova tədbirin təşkilinə görə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə və görüşə gələnlərə öz təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2022.- 24 avqust.- S.3.