Amerikalı arxeoloqlar cənub
bölgəsində tədqiqatlar aparırlar
Lerik ərazisində 12 küp qəbir aşkar edilib
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji ekspedisiyası Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Neolit və Xalkolit (Eneolit) dövrlərinə aid “Paşatəpə” abidəsində tədqiqat aparır.
İnstitutdan bildirilib ki, arxeoloq Vəfa Mahmudovanın rəhbərliyi ilə həyata keçirilən tədqiqat işləri zamanı aşkar olunan maddi mədəniyyət nümunələri rayonun tarixinə dair yeni elmi fikirlər söyləməyə əsas verir.
İnstitutun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Abbas Seyidov və rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov arxeoloji qazıntı işləri ilə tanış olublar. Tarixi yerlərin turizm üçün imkanları, bu barədə xüsusi kitabın hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Cənub-şərq dağlıq ərazilərinin Antik dövr abidələrinin tədqiqi ekspedisiyası” Lerik rayonu ərazisində aparılan arxeoloji tədqiqat işlərini davam etdirir. Boykəndil kəndində Xımbapocə küp qəbirlər məzarlığında aparılan tədqiqatlar nəticəsində ekspedisiya tərəfindən 12 küp qəbir aşkar edilərək öyrənilir. Eramızın I-III əsrlərinə aid olan küp qəbirlər dəniz səviyyəsindən 700 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. Müxtəlifölçülü qəbirlərdə əsasən uşaq dəfnlərinə təsadüf olunur.
Arxeoloji araşdırmalarda yerli mütəxəssislərlə yanaşı, ABŞ-ın Pensilvaniya Universitetinin tədqiqatçıları da iştirak edirlər.
Mədəniyyət.- 2022.- 24
avqust.- S.4.