Şəki Türkiyənin Berqama şəhəri ilə
qardaşlaşıb
Türkiyənin İzmir vilayəti Berqama Bələdiyyəsinin sədri Hakan Koştunun başçılıq etdiyi nümayəndə heyəti Şəkiyə səfər edib. Səfər çərçivəsində avqustun 23-də Şəki və Berqama şəhərləri arasında dostluq və qardaşlıq haqqında protokol imzalanıb.
Qonaqlar əvvəlcə şəhər rəhbərliyi ilə birlikdə Vərəzət kəndi ərazisindəki naməlum türk əsgərinin məzarını, Şəki şəhərindəki Şəhidlər xiyabanını, Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Mərkəzlə tanışlıqdan sonra şəhərlər arasında dostluq və qardaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Berqama Bələdiyyəsinin sədri Hakan Koştu qardaşlaşmış şəhərlərin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa təqdimatla çıxış ediblər. Diqqətə çatdırılıb ki, Şəki ilə Berqama arasında əlaqələrin təməli bu ilin mayında qoyulub. Beləliklə, Şəki ilə qardaşlaşmış şəhərlərin sayı artıq 12-yə çatıb. Vurğulanıb ki, imzalanan protokol iki şəhər arasında humanitar, iqtisadi və turizm sahələrində əlaqələrin yaranmasında mühüm rol oynayacaq, eyni zamanda, ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Mərasimdən sonra yerli ifaçıların konsert proqramı təqdim edilib.
Türkiyəli qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, buradakı tarixi abidələrə baş çəkib, Şərq memarlığının nadir incilərindən hesab olunan Şəki Xan sarayı ilə tanış olublar. Diqqətə çatdırılıb ki, 2019-cu ildə “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Mədəniyyət.- 2022.- 24
avqust.- S.1.