“Muzeylərin gücü”
Beynəlxalq Muzeylər Şurasının
26-cı Baş Konfransında ölkəmiz
də təmsil olunur
20-28 avqust tarixində Çexiyanın paytaxtı Praqada Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı keçirilir. Mötəbər tədbirdə ölkəmizi ICOM Azərbaycan Milli Komitəsinin nümayəndə heyəti təmsil edir.
“Muzeylərin gücü” devizi altında keçirilən baş konfransın ilk iş günündə ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova milli komitənin üçillik fəaliyyəti barədə hesabatı təqdim edib. O, həmçinin ICOM-un Etnoqrafiya muzeyləri və kolleksiyaları üzrə Beynəlxalq Komitəsinin konfransında “İnklüziv muzey” mövzusunda çıxış edib.
Hesabatda 2019-2021-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə ölkəmizin muzey həyatında baş verən yeniliklər, keçirilən tədbirlər, beynəlxalq konfranslar, 2020-2021-ci illərdə karantin dövründə muzeylərin onlayn fəaliyyəti, virtual tur layihələrinin hazırlanması, eləcə də 44 günlük Vətən müharibəsi zamanı aparılan təşviqat kampaniyaları haqqında ətraflı məlumat verilib.
Şirin Məlikova “İnklüziv muzey” mövzusunda çıxışında isə Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizin ilk inklüziv muzeyi kimi zəngin təcrübəsi, bu sahədə tətbiq olunan yeniliklər və reallaşdırılan layihələrdən bəhs edib. Xalça Muzeyinin inklüziv fəaliyyətinin xarici muzey və təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.
ICOM Azərbaycan Milli Komitəsi sədrinin çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Onlar Azərbaycan Milli Xalça Muzeyinin nəfis çap məhsullarını da yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Şirin Məlikovanın ICOM-un Fəlakət risklərinin idarə olunması üzrə Beynəlxalq Komitənin konfransında “Qarabağın timsalında müharibə və hərbi münaqişələr dövründə mədəni-tarixi abidələrin və muzeylərin dağıdılması” mövzusunda çıxışı da nəzərdə tutulub.
Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin INTERCOM və CIMAM-ın birgə sessiyasına qatılaraq bir sıra ölkələrdən olan mütəxəssislərlə muzey idarəetməsi sahəsində mövcud vəziyyət və problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı avqustun 28-də öz işini yekunlaşdıracaq.
Qeyd edək ki,
Beynəlxalq Muzeylər Şurasının Baş
Konfransı 1948-ci ildən etibarən hər üç
ildən bir keçirilir.
ICOM-un ali
toplantısı beynəlxalq muzey ictimaiyyətini
əhəmiyyətli bir mövzu
ətrafında fikir mübadiləsi aparmaq üçün
toplayır və beynəlxalq əməkdaşlığın
genişləndirilməsi məqsədi daşıyır.
Mədəniyyət.- 2022.- 24
avqust.- S.1;2.