Mədəniyyət idarələrindən müxtəlif səpkili xəbərlər

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) Sumqayıt şəhər MKS-nin M.Ə.Sabir adına kitabxana filialı tərəfindən Sumqayıtdakı “Üfüq” tədris mərkəzində “Yayı kitabla keçirək” layihəsi çərçivəsində “Nağıllar aləminə səyahət” adlı tədbir təşkil olunub. Layihənin məqsədi kiçikyaşlı uşaqları kitabxanaya cəlb etmək, onlara mütaliəni sevdirməkdir.

Layihə üzrə Sumqayıt şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsi İsmayıllı rayon MKS-nin Basqal qəsəbə kitabxana filialı ilə açıq havada “Məzuniyyətdə mütaliə yaxşı istirahətin rəhnidir” adlı kitab sərgisi təşkil edib. Sumqayıt şəhər MKS-nin Mərkəzi Uşaq Kitabxanası tərəfindən isə Sumqayıtdakı “Star Academy” tədris mərkəzində Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında “Yeddi rəngli nağıl çələngim” adlı “nağıl saatı” keçirilib.

***

Sabirabad RMİ Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi Kitabxanada “Qəzənfər Paşayev – 85” adlı tədbir keçirilib. Tədbirdə tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi, yazıçı, tərcüməçi, professor Qəzənfər Paşayevin kitablarından ibarət sərgi nümayiş etdirilib.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

***

Kürdəmir RMİ Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Örənqala kənd Folklor evində “İnsan alveri ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər insan alverinə qarşı mübarizə tədbirləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün əsasən nələri bilmələri haqda geniş məlumat veriblər.

Beyləqan rayon Heydər Əliyev Mərkəzində uşaq və yeniyetmələr arasında bilik yarışmasının final mərhələsi keçirilib. “Qarabağ”, “Şuşa”, “Xarıbülbül” və “Zəfər” komandalarının iştirak etdiyi yarışmada “Xarıbülbül” komandası qalib olub.

İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniya ümumbəşəri bəladır” adlı tədbir keçirilib. Tədbirdə narkomaniyanın törətdiyi təhlükələr və insan sağlamlığına vurduğu zərərləri özündə əks etdirən “Bəla” adlı sənədli film nümayiş olunub.

***

Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzində məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə şagirdlərlə görüş təşkil olunub. Əvvəlcə şagirdlər ümummilli liderin həyatını və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlarla tanış olublar. Daha sonra viktorina təşkil edilib, şagirdlər Heydər Əliyev haqqında filmə baxıblar.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialı “Gəlin, kitab oxuyaq” başlıqlı kitab sərgisi təşkil edib.

***

Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasında “Xan qızı – Xurşidbanu Natəvan” adlı tədbir keçirilib. Görkəmli şairə, ictimai xadim Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyinə həsr olunan tədbirdə Xan qızının həyat və yaradıcılığının məziyyətləri barədə məruzə və çıxışlar dinlənilib.

Kitabxanada həmçinin tarixçi-etnoqraf, pedaqoq, maarifçi Teymur bəy Bayraməlibəyovun (1862-1937) 160 illiyinə həsr olunmuş tədbir təşkil edilib. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Mərkəzi kitabxananın əməkdaşı Rasif Dadaşov həmvətənlərimizin maariflənməsində mühüm xidmətlər göstərmiş görkəmli ziyalının həyat və fəaliyyəti barədə danışıblar.

Masallı Dövlət Rəsm Qalereyasında yay tətili günlərində yeniyetmələrin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə həftəsonları “Mənim dünyam rənglərdə” başlıqlı məşğələlər təşkil edilir. Məşğələlərdə həvəskarlar rəssam Təhmasib Məcidovdan bu sənətin bəzi incəliklərini öyrənərək öz arzu və istəklərinə kağız üzərində rəngli boyalarla həyat verirlər.

 

Mədəniyyət.- 2022.- 26 avqust.- S.4.