Paytaxt kitabxanalarında tədbirlər

   

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 6 nömrəli filialı “Kitab bizim dostumuzdur” başlığı altında oxucularla görüş keçirib. Baş idarədən bildirilib ki, kitabxanada uşaqlar üçün dünya ədəbiyyatı nümunələrindən ibarət sərgi də təşkil edilib. Söhbət zamanı kitabxananın fəal oxucuları yay tətilində mütaliə etdikləri kitablar barədə danışıblar. Kitabxanaçı A.Əliyeva uşaqlar üçünŞuşa” kitabı haqqında da məlumat verib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin 1 nömrəli filialında “Qəhrəmanlarımızı tanıyaq” adlı tədbir keçirilib. Tədbirdə kitabxananın azyaşlı oxucularına 44 günlük Vətən müharibəsi şəhidləri və qazilərinin qəhrəmanlıqları haqqında məlumat verilib.

Yasamal rayon MKS-nin 2 nömrəli filialı “Gəncləri narkotiklərdən uzaq tutaq” adlı maarifləndirici tədbir keçirib. Filialın müdiri Yəmən Əmirova və digər çıxış edənlər narkomaniyanın insan sağlamlığı üçün təhlükəli fəsadları haqqında söz açıb, bəşəri bəlaya qarşı mübarizədə maarifləndirmə işinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu xüsusda mədəniyyət ocaqlarının üzərinə mühüm məsuliyyət düşür. O cümlədən kitabxanalarda narkomaniya mövzusunda tədbirlər keçirilir, sərgilər hazırlanır. Sonda tədbir iştirakçıları mövzu ilə əlaqədar hazırlanmış stendlə tanış olublar.

Yasamal rayon MKS-nin 4 nömrəli filialının birgə təşkilatçılığı və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyinə həsr olunmuş virtual görüş keçirilib. Görüşə Gəncə, Samux, Şirvan, Şabran, Zərdab, Hacıqabul, Cəlilabad rayonlarının Heydər Əliyev mərkəzlərinin, MKS-nin direktorları və əməkdaşları qatılıblar.

Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Yasamal rayon MKS-nin 4 saylı filialının əməkdaşları İradə Hüseynova, Zərəngiz Mansurova mövzu ilə bağlı çıxış ediblər. Z.Mansurova müəllifi olduğuXan qızı” poemasından bir parçanı söyləyib.

 

Mədəniyyət.- 2022.- 26 avqust.- S.3.