Tarix və ənənənin rəngləri
XX əsrin əvvəllərindən etibarən Bakının mədəni mühiti təsviri sənətimizə bir çox istedadlı rəssam, heykəltəraş, dekorativ-tətbiqi sənət ustaları bəxş edib. Bu istedadları coşqun yaradıcılıq ruhu ilə sənətə sövq edən Azərbaycan paytaxtının qədim tarixi, mədəni irsi, bütün fəsillərdə özünəməxsus təbiəti, sahilində yerləşdiyi Xəzər, Abşeron bağları, İçərişəhər, onun məxsusi aurası və s. olub. Bu sənət ənənəsinə sadiq qalan rəssamlardan biri də Fuad Manafovdur.
Fuad Hənifə oğlu Manafov 30 sentyabr 1968-ci ildə Bakıda doğulub. 1984-1988-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində Faiq İbrahimov, Sabir Şıxlı kimi peşəkar rəssamlardan sənətin sirlərini öyrənib, eyni zamanda öz fərqli yaradıcılıq üslubunu tapıb. Kompozisiyaların çoxfiqurlu olması, dinamik tərzdə həlli, milli atributların zənginliyi, mülayim rəng koloriti onun dəst-xəttinə xas əlamətlərdir. Şaquli istiqamətdə pilləli təsvirləri miniatür üslubunda təqdim edən rəssam əsərlərinə şərti xarakterli ornamental-naxış elementləri də əlavə edir. Bu qəbildən olan təsvirlər arasında biz şəhərin memarlıq ansamblının şaquli yüksəlişini izləyirik.
Yaradıcılığı lirizmə və pozitiv simlərə köklənən rəssam tamaşaçını zamanın səyahətinə çıxarır, onu tarixlə üzləşdirir, köhnə ilə yeninin çalarlarını ortaya qoyaraq dövrlərin müqayisəsinə zəmin yaradır. Sənətkar fərqli rakurslardan, xüsusilə Bakının qədim qala divarları, İçərişəhərin dar küçələrini, bu küçələrdə gəzən sakinləri, eyvandan söhbətləşən qonşuları, məhəllələrdə futbol oyanayan uşaqları böyük ustalıqla realistik tərzdə təsvir edir. Real həyat hadisələrinə əsaslanan tematik tablolara nəzər yetirən tamaşaçı doğma Bakının retro aləminə qərq olur.
Xəzərin mənzərələri tablolarda qağayıların mavi dənizin suları üzərində süzməsi, günəşin qürubu, qayıqların ritmik düzülüşü qeyri-adi gözəlliyi ilə baxanları heyran edir. “Xəzərin sahilində” adlanan əsərində dəniz suyu və havanın rəngini də bənövşəyi çalarlara boyamış rəssam bu iki ayrı qütbü günəşin şüalarının suda əksi ilə bir-birindən ayırmağa müvəffəq olub.
Qədim şəhərin sakinlərinə gəlincə isə, onlar zəhmətkeş və şəndirlər. Uşaqların səs-küyünü eşitməmək, eyvanlardan söhbətləşən qadınların pıçıltısını duymamaq qeyri-mümkündür. Fuad Manafovun tabloları keçmişə qayıdıb həmin yerlərdə həmin anları yaşamaq istəyi yaradır. Bu qəbildən olan əsərlərdə köhnə Bakı və onun bədii ənənələri, müxtəlif yaşlı insanların obrazları ümumiləşdirilmiş və dəqiqliklə təsvir olunub.
70-80-ci illərə vizual səyahətdə həyətlərdə, parklarda gəzməyə can atan nadinc uşaqların, xəyallara dalan yaşlıların, keçmişin qızıl dumanında ötən günlərin Bakısı qarşımızda canlanır. Xəyallarımızın və böyük arzuların şəhəri... Uşaqlığın xoşbəxt günləri, yay tətilləri, bayramlar... Bütün bunlar Fuad Manafovun şahidi olduğu zamanın qızılı layları arasından süzülərək kətan üzərinə yansıyırr. “Sakit üfüqlərdə”, “Yatmış şəhər”, “Gilavar”, “Xəzri”, “Bakı vaxtilə”, “Unudulmuşlar”, “Səmt küləyi”, “Şərq nağılı”, “Aylı gecə”, “Xatirələr üzərindən uçuş”, “Küləklər şəhəri. Melanxoliya”, “Ovdan”, “Bakı incisi”, “Günəşə doğru” kimi əsərlərdəki detallar zərgər dəqiqliyi ilə təsvir olunmuş şəhərin ruhunun estetik vəsfidir. Bu əsərlərdə rəssam tamaşaçının nəzərini hansı nöqtələrə tuşlayacağını bilir.
İşıq-kölgə effektləri, rəng yaxmalarının nahamar vuruluşu bu əsərlərin fakturasının realistik tərzdə həll olunmasına gətirib çıxarır. Əksər tablolarında o, şəhərin mənzərəsini əsasən “quş baxışı” ilə təsvir edərək onun gözəlliyini, qədimliyini, dənizini, sakinlərini bir əsərdə tamaşaçının önünə çıxarmağa nail olur.
Fuad Manafov Abşeron bağlarını
da sevə-sevə təsvir edir. Dənizin yaxınlığında
salınan bu bağların özünəməxsus
təbiəti var. Bakıətrafı
kəndlərdə hökm
sürən bu ab-hava sadə sakinləri, özünəməxsus
ənənələri ilə
hər kəsi bura istirahətə dəvət edirdi. Paytaxt sakinləri yay fəslində xüsusən
bağlara üz tutur, bol meyvəli
bağlarda şipşirin
əncirləri, üzümləri
nübar edir, nəhəng tut ağacının
altında özlərinə
köşk qurub, yayın cırhacır istisində Xəzər dənizinin sahilinə üz tuturdular. Fuad Manafovun tablolarında da bu səhnələr
əks olunur. Demək olar ki, o zamanlar
hər bağın olmazsa olmazı – alaçıqlar, çarhovuzlar,
su quyuları, yayda yorğan-döşək
salan, xalça-palaz yuyan gəlinlər bu əsərlərdə əsas fiqurlardır.
Əfsanəvi şanapipik quşunu
da bu bağların
rəmzi hesab edə bilərik. Rəssamın “Bakı bağları”, “Yenə o bağ olaydı...”, “Qonşu məhəllə
ilə oyun”, “Sonuncu pillə”, “Sübh şəfəqləri”,
“Bakı kəndləri.
Maştağa”, “Bakı bağları.
Əncir
dərənlər” əsərləri
qədim torpağın,
Abşeron motivlərinin
real təsvirləri ilə
səciyyəvidir.
Adət-ənənələrə bağlılıq, unudulmaqda
olan bədii dəyərləri yaşatmaq
istəyi Fuad Manafovu bu mövzuda
silsilə əsərlər
yaratmağa sövq edir. Bu qəbildən olan əsərlərin mövzusu xalqın şifahi poetik yaradıcılığını özündə birləşdirir.
Azərbaycanın qədim toy ənənələri
bu günümüzdən
çox fərqli idi. Dəvə karvanları ilə
gəlin köçürmə
adətini əks etdirən kompozisiyaların
süjet xətti özündə milli adət-ənənələri ehtiva
edir. Gəlinlərin kəcavədə aparılması, milli geyim nümunələri, çalğı alətləri,
muğam ustalarının
ifa edərkən təsviri emosional bədii ifadəsi ilə seçilir. Xalqın tarixinə, məişətinə biganə
qalmayan rəssam “Karvan simfoniyası”, “Sarı gəlin”, “Köhnə Bakıda nişan mərasimi”, “Ən yaxın dostumun toyu”, “Nağıllar şəhəri”,
“Xatirələr küçəsi”,
“Sübh şəfəqləri”,
“Qədim çövkən
oyunu” tablolarında xalqın folklor ənənələrini məharətlə
kətana köçürüb.
O, həmçinin Bakı
kəndlərində keçirilən
toy-büsat adətlərini
də təsvir edib. Bütün bu sadalanan detalları
“Elimizə gəlin gəlir” əsəri ilə ümumiləşdirsək,
deyə bilərik ki, toy adət-ənənəsi
fonunda, qədim milli bayramımız olan Novruzu, milli
geyimləri, çalğı
alətlərini, qədimi
lampaları, saxsı qabları da görə bilərik.
Xalqın tarixi, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli
şüurunun yaranmasına
təsir edir. Fuad Manafovun
elə bir əsəri yoxdur ki, orada milli
ruh hiss olunmasın.
Bu, rəssamın öz qayəsinə hörməti və sevgisi ilə bağlıdır. “Bakı
narları”, “Şərq”,
“Xınayaxdı”, “Oxu tar... Səni kim unudar?!”,
“Yumurta döyüşdürənlər”,
“Yeddi gözəl”, “Gün olar, bayram olar”, “Qavalla rəqs” kimi əsərlərdə
Azərbaycanın Novruz
bayramına xas adət-ənənələri, bayramın atributları, muğam ifa edən xanəndələr,
milli geyimdə qızlar, çalğı
alətləri ustalıqla
kətana köçürülüb.
Fuad Manafovun
ən çox məişət janrına
müraciət etdiyini
əminliklə deyə
bilərik. Xalqın gündəlik həyat
tərzi, keçmişi,
bu günü və gələcəyi rəssamı daima maraqlandırır. O, tablolarında
bu süjetləri təsvir etməklə bizə müqayisələr
etməyə, hərtərəfli
müşahidələr aparmağa
imkan yaradır. Buna ən bəsit
nümunə kimi qonşuluq münasibətini
göstərə bilərik. Qonşuların
vaxtilə nə qədər mehriban olduğunu “Mehriban qonşular”, “Bakı vaxtilə”, “Kişilərin söhbəti”,
“Yenə o bağ olaydı...” və s. əsərlərində görmək
mümkündür.
Azərbaycan xalqının məişət
tarixində, həyat tərzində dəvələrin
xüsusi yeri olub. Bu zəhmətkeş
canlılardan uzaq məsafələri qət
etmək, malların daşınması zamanı
istifadə olunurdu, bir zamanlar dəvələrin
köməyi ilə torpaqlar şumlanıb.
Müasir Azərbaycan
ərazisində ağ dəvəyə
pərəstiş İslamdan
əvvəlki dövrə
- Zərdüştlük dövrünə
gedib çıxır.
“Əməl karvanı”,
“Şərq”, “Saleh peyğəmbərin ağ
dəvəsi”, “Karvan simfoniyası”, “Sahibsiz karvan”, “Bakıdan-Qarabağa”,
“Ömür karvanı”
kimi dəvə karvanlarının əks olunduğu əsərlərdə
gah şaquli, gah da üfüqi
xətt üzrə stilizə edilmiş miniatür ənənələrini
izləyirik.
Batal janrına da müraciət edən Fuad Manafov “Hücum”, “Son döyüş”, “Cəməl döyüşü”, “Türklər”, “Çaldıran döyüşü” əsərlərində ayrı-ayrı dövrlərdə baş vermiş tarixi döyüş səhnələrini canlandırıb. Çoxfiqurlu və kəskin dinamik kompozisiyalı bu əsərlərdə əsasən qəhvəyi çalarlar üstünlük təşkil edir. Şübhəsiz ki, tarixi mövzuya, batal janrına müraciət rəssamın bu mürəkkəb janrlarda işləmək bacarığı ilə yanaşı, onun dünyagörüşünü, tarixi biliklərini də ortaya qoyur.
Səfəvi və Osmanlı orduları arasında 1514-cü ildə baş verən Çaldıran döyüşünə həsr olunmuş əsər qədim miniatürləri xatırladır. Amma əsərdə miniatür sənətinə xas şərtilik mövcud deyil, tablo kompozisiya dinamikası və təsvir obyektlərinin həcmli həlli ilə fərqlənir.
Vaxtilə hər birimizin köksündə dərin yara, həsrət izi qoyan Qarabağ mövzusu Fuad Manafovun da yaradıcılığında əksini tapmaya bilməzdi. Onu da qeyd edək ki, Fuad Manafov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Vətənə, onun tarixinə bağlı, adət-ənənələrinə sadiq, milli ruhla yoğurulmuş əsərlərin müəllifi uğrunda vuruşduğu torpağın gözəlliklərini də sevə-sevə tablolarında vəsf edib. “Qarabağnamə”, “Şuşa –Qarabağ incisi”, “Ağdam – Qarabağ incisi”, “Qubadlıya aparan yol”, “Ağdama bahar gəlir”, “Şuşaya bahar gəlir”, “Xudafərin” və s. əsərləri rəssamın Qarabağ etüdləri silsiləsinə daxildir.
Milli adət-ənənələr, tarixi hadisələr, milli geyimlər, Bakının köhnə və müasir mənzərələri, “Qarabağ inciləri” silsiləsi, dini mövzular Fuad Manafovun çoxşaxəli yaradıcılığının mövzusu və fəlsəfəsidir. Rəssamın əsərləri Azərbaycan tarixi və ənənələrini vizual tərzdə tablolarda yaşadan xəzinədir desək, yanılmarıq.
Dürdanə Qurbanova
Azərbaycan Dövlət Rəsm
Qalereyasının kiçik elmi işçisi
Mədəniyyət.- 2022.- 26
avqust.- S.7.