Qərbi Asiyada ibtidai incəsənətin yaranması,
inkişafı və yayılması
Qobustan qoruğunda
reallaşan beynəlxalq layihəyə yekun vurulub
Avqustun 24-də Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin yekununa dair mətbuat konfransı keçirildi.
Qoruğun direktoru Vüqar İsayev bildirdi ki, xarici tərəfdaşlarla müştərək elmi tədqiqat layihələri çərçivəsində 2019-cu ildən icrasına başlanılan “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin son mərhələsi başa çatır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Madrid Komplutense Universiteti (İspaniya) və Ferrara Universitetinin (İtaliya) dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqi, xronometrik üsulla qayaüstü təsvirlərin xronoloji çərçivəsinin müəyyən edilməsi və üzəri təsvirli qayalarla insan məskənləri arasındakı əlaqəni müəyyən etməkdir. Layihədə Qobustan qoruğu, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, İspaniyanın Madrid Komplutense, Rovira və Virgili, Barselona universitetləri, Kataloniya İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutu (IPHES), İtaliyanın Ferrara, Milan və Neapol l’Orientale universitetləri, bu ölkənin Milli Araşdırma Şurası, həmçinin Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi iştirak edib.
Vüqar İsayev diqqətə çatdırdı ki, 2019-cu ildən icrasına başlanılan müştərək tədqiqat işləri pandemiya ilə əlaqədar müəyyən fasilələrlə davam edib. Layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən Ana zağa sığınacağının qayaüstü təsvirlərinin qeydiyyatı aparılıb, 1960, 1970 və 1980-ci illərdə arxeoloqlar İ.Cəfərzadə, C.Rüstəmov və F.Muradova tərəfindən həyata keçirilmiş arxeoloji qazıntılar zamanı qeydə alınmış mədəni təbəqə və qoruğun fondunda saxlanılan üzəri təsvirli daşlar müasir elmi metodlarla öyrənilib. Təsvirlərin minimum yaşının müəyyənləşdirilməsi üçün təsvirli qayalarla birbaşa əlaqədə olan 1977-ci ildə C.Rüstəmov tərəfindən arxeoloji qazıntı işləri aparılmış kiçik sahədə qeydə alınmış mədəni təbəqəyə baxış keçirilib. Ərazidə ilkin mərhələdə aparılan tədqiqatlar zamanı insan fəaliyyəti ilə bağlı olan Mezolit dövründən (təxminən 10 000 il əvvəl) Orta əsrlərə (XV əsr) qədərki dövrü əhatə edən 5 arxeoloji təbəqə qeydə alınıb.
Son zamanlar əcnəbi mütəxəssislər tərəfindən qoruğa elmi tədqiqat məqsədilə çoxsaylı müraciətlər edildiyini deyən direktor Qobustan abidələrinin artıq dünya mütəxəssislərinin diqqət mərkəzində olduğunu bildirdi. O, eyni zamanda xarici ölkələrdə aparılacaq elmi tədqiqat layihələrində qoruq əməkdaşlarının iştirak etməsi barədə də ilkin razılığa gəlindiyini diqqətə çatdırdı.
***
Mətbuat konfransında iştirak edən tədqiqat qrupunun üzvü, İspaniyanın Rovira və Virginiya Universitetinin professoru Manuel Vaquero Rodrigez Qobustanı qayaüstü incəsənətinin əhatə etdiyi tarixi çərçivənin genişliyi, mövzu müxtəlifliyi, ayrı-ayrı dövrlərin həyat səhnələrini əks etdirməsi, təsvirlərinin müxtəlif texniki üsullarla real çəkilməsi cəhətdən tayı-bərabəri olmayan qədim abidələr kompleksi adlandırdı. Mütəxəssis apardıqları tədqiqat işindən danışaraq qeyd etdi ki, son elmi tədqiqatlar nəticəsində ərazidən daş materiallar, insanlar tərəfindən ovlanmış heyvanların (qoyun, keçi, at və iribuynuzlu) sümükləri, bəzək əşyaları, keramika və son 10 000 il ərzində ətraf mühitin necə dəyişdiyini anlamağa imkan verən kömür qalıqları aşkar olunub.
İspaniyalı professor qeydə alınan ən maraqlı tapıntılardan biri – Mezolit dövrünə aid edilən 5-ci təbəqədə aşkar olunan insana məxsus osteoloji (sümük) qalıqlar barədə ətraflı məlumat verdi: “Aşkar olunan qalıqlar 4-8 yaş arası uşağın ayaq sümükləridir. Ərazidə üzə çıxarılan və bu tapıntı haqqında daha çox məlumat əldə etməyə kömək edəcək əlavə təhlil gözləyən artefaktları insan qalıqlarının dəfnə aid olduğunu ehtimal etməyə imkan verir”.
Bildirildi ki, bu tapıntılar 70-ci illərdə C.Rüstəmov və F.Muradova tərəfindən aparılan qazıntılar zamanı Ana zağada aşkar olunmuş məlum insan qalıqları ilə üst-üstə düşür. Qobustanın uzun dövrlü qayaüstü təsvirlərinin burada yaşayan insanların mənəvi aləmini, incəsənət duyumunu öyrənmək üçün əvəzsiz xəzinə olduğunu deyən ispan mütəxəssis gələcəkdə aparılacaq tədqiqatların aşkar olunmuş osteoloji qalıqların yaşını daha dəqiq müəyyənləşdirməyə, C.Rüstəmov və F.Muradova tərəfindən aşkar olunan digər skelet qalıqları ilə əlaqəni müəyyən etməyə imkan verəcək. “Ana zağadakı insan qalıqları son ovçu-yığıcı cəmiyyətinin ənənəvi rituallarının və simvolik davranışlarının öyrənilməsində açar rolunu oynayır. Sonrakı tədqiqatlar qalıqları aşkar olunmuş uşağın DNT-sini və onun daha çox ovçu-yığıcı Avrasiya populyasiyaları ilə əlaqələrini müəyyən etməyə əsas yaradacaq. Eyni zamanda izotopik analiz bu insanların gündəlik qidalanması haqqında məlumat əldə etməyə imkan verəcək”, – deyə ispaniyalı mütəxəssis əlavə etdi.
İspaniyada da Qobustana bənzər insanların qədim yaşayış məskənlərinin olduğunu deyən Manuel Vaquero Rodrigez bildirdi ki, onlar bir-birlərindən minlərlə kilometr məsafədə yerləşsələr də, insanların yaşayış tərzində, ov zamanı istifadə etdikləri alətlərdə bir oxşarlıq sezilir: “Azərbaycanda olduğu kimi, İspaniyada da Paleolit, Mezolit dövrünün insanları ovçuluqla məşğul olub. Bununla yanaşı, fərqlərin olduğunu da görürük. Daha sonrakı dövrlərdə formalaşan mədəni qatlarda insanların istifadə etdiyi alətlər, qayaüstü öküz təsvirləri bunu deməyə əsas verir”.
Çıxışlardan sonra media nümayəndələrinin sualları cavablandırıldı.
Mətbuat konfransından sonra media nümayəndələri üçün qoruq ərazisində infotur təşkil olundu.
Qeyd edək ki, “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsi üzrə tədqiqatlarda İspaniyadan Markos Qarsiya Diez (Madrid Komplutense Universiteti), Manuel Vaquero Rodriges (Rovira və Virgili Universiteti), Bianka Oçoa Freyl (Basklar Ölkəsi Universiteti), Dario Siqari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Koimbra Universiteti) və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak ediblər. Qoruq əməkdaşları Günay Verdiyeva, Turan Yunus və Rəfael Bəkirov tədqiqatlara köməkçi qismində cəlb olunublar.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 26
avqust.- S.1;3.