Qədim məhəllənin yeni növrağı – Çəmbərəkənd
parkı
Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyanın mühüm bir istiqaməti də Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsidir. Son illərdə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar yaradılıb.
Səbail rayonunda salınan Çəmbərəkənd parkı
da onlardan biridir. Park bu il
iyunun 8-də Prezidentin
iştirakı ilə
istifadəyə verilib.
Biz də bu günlərdə
fotoqrafımızla birlikdə
Çəmbərəkənd parkında yaradılan şəraitlə tanış olduq.
Öncə qeyd edək ki, tarixi mənbələrdə
Çəmbərəkənd yaşayış məkanının
XIX əsrin 40-cı illərində
salındığı bildirilir. Məkanın adı “çəmbərə”
– dairə, əyri, qövs, halqa və “kənd” komponentlərindən düzəlib,
“dairəvarı, qövsvarı
kənd” mənasındadır.
Yaşayış massivi, həqiqətən
də, ətrafa nəzərən bir qədər yüksəklikdə,
dairəvi sahədə
yerləşir.
“Bakı kəndləri
(ensiklopedik lüğət)”
kitabında qeyd olunur ki, Çəmbərəkənd
Bakıda məşhur
ərazi olub. İndiki Nazirlər
Kabineti binasının
yaxınlığından Şəhidlər
xiyabanına qədər
ərazini əhatə
edib. Ərazinin adı burada
məskunlaşmış və
əsasən balıq
duzlamaq, neft, mazut ixrac etmək
üçün çəmbərlər
hazırlayan ustaların
peşəsi ilə əlaqədar yaranıb.
Çəmbərəkənddə eyni zamanda müxtəlif qoşqu arabaları, fayton da düzəldilib, sakinləri əsasən heyvandarlıq və əkinçiliklə məşğul
olub.
***
Düzü, parka gəlməzdən əvvəl
düşünürdüm ki, görəsən, saat 17 radələrində
burada istirahət edənlərə rast gələcəyikmi? Çünki sentyabra sayılı günlər qalsa da, havalar çox
isti keçir... Lakin parka daxil olduqda xeyli
insan gördük.
Uşaqlar oyun oynayır,
gənclər dostları
ilə söhbət edir, böyüklər isə öz ailələri ilə gözəl vaxt keçirirdilər.
Əraziyə illər öncədən
bələd olduğum
üçün buradakı
yeni mənzərə
heyrət doğurur.
Həsən Seyidbəyli küçəsində
istifadəsiz ərazidə
salınmış yeni
parkda geniş yaşıllaşdırma işləri
aparılıb, 1200 metr
uzunluğunda piyada yolları salınıb, sakinlərin rahat istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri
üçün hər
cür şərait yaradılıb. Estakada üzərində piyadalar üçün
147 metr uzunluğunda körpü salınıb,
şəhər mənzərəli
iki terras düzəldilib, müasir
standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti və inzibati bina tikilib.
Ərazinin relyefinə uyğun
olaraq sürüşmənin
qarşısını almaq
üçün istinad
divarı çəkilib.
Həmçinin ərazidə müasir
idman və uşaq əyləncə qurğuları, söhbətgahlar,
köşklər quraşdırılıb.
Onu da qeyd edək
ki, parkdakı uşaq əyləncə qurğuları, oturacaqlar təbii ağacdan hazırlanıb. Beləliklə, parkda ərazinin adı ilə yanaşı, görkəmində
də tarixilik qorunub saxlanılıb.
Ərazisi 4 hektar olan parkda
geniş yaşıllıq
sahəsi – qazon döşənib, müxtəlif
növ ağac, kol və gül
əkilib. Yaradılan yaşıl sağlamlıq
və təbiətin həyat rəngidir. Həyatımızdan onlarla rəng
gəlib keçir, lakin insan övladının
yaşıl rəngə
olan ehtiyacı bitib-tükənmək bilmir.
Yaşıllıq əhatəsində insanı işıqlı
fikirlər öz ağuşuna alır, xoş əhval-ruhiyyə,
qurub-yaratmaq eşqi güclənir. Çəmbərəkənd parkında da
gül bülbülü,
bülbül gülü
çağırır.
***
Parkda olarkən
bəzi sakinlərdən
yaradılan şəraitlə
bağlı fikirlərini
öyrəndik. Sakinlər vaxtilə baxımsız,
istifadəsiz qalan bu ərazidə qısa müddətdə
belə gözəl parkın yaradılmasına
görə ölkə
başçısına dərin
minnətdarlıqlarını ifadə etdilər.
Parkda xarici turistlərə də rast gəldik. Yeni salınmış
park onların da çox xoşuna gəlmişdi. Qonaqlar şəhər
mənzərəli terrasda
həm paytaxtımızın
gözəlliyini seyr edir, həm də xatirə şəkilləri çəkdirərək
bu gözəlliyi telefon və foto-aparatlarının yaddaşlarına
köçürürdülər.
Heç şübhəsiz, yaşıllıqla yanaşı ərazidə salınmış körpü də parka xüsusi gözəllik verir. Pillələrlə körpünün üzərinə qalxmağa çalışan balaca qızcığaz diqqətimizi çəkir. Ayla adlı balaca özünü çox xoşbəxt hiss edir. Onun anası Gülnarə Hüseynova ilə həmsöhbət oluruq. Gülnarə xanım Bakının Yasamal rayonunda yaşayır: “Parkda istirahət üçün hər bir şərait yaradılıb. Xüsusilə ailəvi istirahət üçün ayrıca oturacaqlar qoyulub. Bu, çox gözəl addımdır. Parkın yaradılmasında əməyi olan hər kəsə təşəkkür edirəm”.
Həmsöhbətimizlə sağollaşıb parkda balacalar üçün ayrılmış meydançaya gəlirik. Meydançada, sözün əsl mənasında, iynə atsan yerə düşməz. Uşaqlar müxtəlif attraksionlarda əylənməkdən yorulmurlar. Meydança ərazisində valideynlərin də istirahəti üçün oturacaqlar qoyulub. Burada iaşə obyekti də fəaliyyət göstərir. Obyektin işçisi Əli Hüseynov bildirir ki, parkda istirahət edən insanlara dondurma, popkorn, müxtəlif növ yeməklər və sərin sular təklif olunur.
Parka üz tutanlar arasında gənclər çoxluq təşkil edir. Onlar burada dostları ilə söhbətləşir, şəhərin gözəl mənzərəsini və Xəzəri seyr edirlər. Sadiq Abdullayev tələbədir, Xırdalan şəhərində yaşayır. O, vətəndən uzaqda – Polşada təhsil alır. Yay tətilinin son günlərində parka gələrək dostları ilə vaxt keçirir: “İlk dəfədir ki, buraya gəlirəm. Çəmbərəkənd parkı çox xoşuma gəldi. Arzu edirəm ki, ölkəmizdə belə gözəl parkların sayı daha da artsın, insanlar da gəlib asudə vaxtlarını xoş keçirsinlər...”.
Yaşıllıqla əhatə olunmuş parkdan xoş əhval-ruhiyyə ilə ayrılırıq. Asudə vaxtlarınızı səmərəli keçirib, şəhərə açılan gözəl mənzərəni seyr edərək Bakının sehrinə düşmək istəyirsinizsə, Çəmbərəkənd parkı sizləri də gözləyir...
Nurəddin Məmmədli
Mədəniyyət.- 2022.- 31 avqust.- S.7.