“Qardaşlıq dastanı” dünya
turuna Bakıdan başlayır
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yunus Əmrə İnstitutunun Bakıdakı filialının dəstəyi ilə “Qardaşlıq dastanı” adlı teatral rəqs nümayişi layihəsi həyata keçiriləcək.
Serhat Turakın bədii rəhbərliyi, “Alagöz Kültür-Sanat”ın istehsalı və “Umya Az” MMC-nin (Umya Medya-Türkiyə) rəsmi təşkilatçılığı ilə layihə dünya turuna çıxmağa başlayır. Tədbir 29-31 oktyabr tarixində Bakıda – Heydər Əliyev Sarayında, 2 və 3 noyabr tarixlərində isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
Bu layihə 6 illik araşdırma və 18 aylıq səhnə məşqlərindən sonra 100-dən çox türkiyəli və azərbaycanlı rəqqas və teatr aktyorunun zəhməti ilə səhnələşdirilən möhtəşəm tarixi povesti ilə mədəni, epik və sənət əsəridir. Qədim türk, Azərbaycan tarixi və mifologiyası, Nuh tufanından Qarabağ savaşına qədər Anadolu və Qafqaz xalqlarının mübarizəsi, həmrəyliyi, həyat sevgisi, sevinc və kədəri, bir sözlə, Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz qardaşlığı simvolik olaraq səhnəyə gətirilib.
“Qardaşlıq dastanı” layihəsi 2 pərdə və 12 səhnədən ibarətdir. İlk dəfə 2021-ci ildə Türkiyədə səhnəyə qoyulub və İstanbul, Ankara, İzmir, Konya və bir çox digər böyük şəhərlərdə nümayiş olunub. “Umya Medya” və “Umya Az”ın rəsmi təşkilatçılığı ilə 2022-ci ildə dünya turuna çıxacaq ansamblın ilk dayanacağı Azərbaycan səhnəsi olacaq. Azərbaycandan sonra sənət turu Almaniya, Şimali Avropa, Meksika, Özbəkistan, Qazaxıstan, Dubay, Misir, Qətər və Çində 2023-cü ilin sonuna qədər davam etdiriləcək.
Mədəniyyət.- 2022.- 31
avqust.- S.1;2.