Öncə Vətən deyənlər

 

Şəki RMİ-nin rəisi Azər Yusubov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov, idarənin əməkdaşları Vətən müharibəsi şəhidi Elçin Nadirovun ailəsinə baş çəkiblər.

***

Zaqatala rayonunun Yuxarı Tala kəndində Birinci Qarabağ müharibəsi şəhidi Səlim Əhmədovun xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub. Səlim Əhmədov 1993-cü il yanvarın 8-də könüllü olaraq cəbhəyə yollanıb, Ağdərə rayonunun Vəng kəndi ətrafında gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib. O, həmin döyüşlərdə itkin düşüb.

***

Ağdaş RMİ Zərdab rayon MKS-nin Salahlı kənd kitabxana filialının təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri Hacı Orucov, İlkin İbrahimli, Ülvü Ələsgərli və Aqil Cəbrayılovla görüş təşkil edilib.

***

Tərtər rayonunun Səhləbad kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Orxan Aslanlının xatirəsinə inşa edilən bulağın açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

***

Biləsuvar RMİ Cəbrayıl rayon Hacılı kənd kluburayon MKS-nin 17 saylı kitabxana filialının əməkdaşları Vətən müharibəsi şəhidi Təhmasib Mustafayevin doğum günü münasibətilə ailəsini ziyarət ediblər.

***

Ağdam rayonunda 1987-ci ildə Gürcüstanda baş verən təbii fəlakət zamanı insanları xilas edərkən qəhrəmanlıqla həlak olan cəsur azərbaycanlı əsgər Rahib Məmmədovun xatirəsi anılıb. Ağcabədi RMİ Rahib Məmmədovun adını daşıyan Döyüş Şöhrəti Muzeyində keçirilən tədbirdə cəsur əsgərə həsr edilmiş “Əbədiyyətə qovuşan ömür” adlı sənədli film nümayiş olunub.

Ağdam rayonunun Bənövşələr qəsəbəsində Vətən müharibəsi şəhidi Adəm Əmirovun ailə üzvlərinin yaşadığı evin önündə şəhidin xatirə lövhəsi qoyulub. Adəm Əmirov Vətən müharibəsi zamanı Ağdam istiqamətində döyüşlərdə iştirak edib və oktyabrın 20-də şəhidlik zirvəsinə yüksəlib. Rayonun Quzanlı qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

Mədəniyyət.- 2022.- 31 avqust.- S.4.