Sərgi, yubiley, təlim, görüşlər...

 

 

İsmayıllı RMİ Ağsu rayon Mədəniyyət Mərkəzi, rayon İcra Hakimiyyəti və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq şairi Mirvarid Dilbazinin (1912-2001) 110 illiyinə həsr edilən tədbir keçirilib. Tədbirdə şairənin şeirlərinə bəstələnmiş mahnılar ifa edilib, aşıq havaları səsləndirilib.

***

Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və idarənin rəisi Nurəddin Mehdiyevin rayonun mədəniyyət müəssisələrinin işçiləri ilə görüşü keçirilib. Görüşdə iştirak edən mədəniyyət müəssisələri əməkdaşlarının müraciət, təklif və şikayətləri fərdi qaydada dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

***

Şəmkir RMİ Şəmkir rayon MKS-nin əməkdaşları Əhməd Cavad adına rayon Mədəniyyət Mərkəzində “Erkən nikaha yox deyək!” başlığı altında tədbir təşkil ediblər. Tədbirdə mövzuya aid videoçarx və sərgi nümayiş olunub.

***

Ağdaş RMİ Zərdab rayon MKS-nin tabeliyində fəaliyyət göstərən kitabxanaların əməkdaşları tərəfindən kənd sakinlərinə səyyar kitabxana xidməti göstərilib.

***

Şəki RMİ-nin rəisi Azər Yusubov idarənin əhatə etdiyi Şəki şəhərindən, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər əsasən işlə təmin olunma, yerinin dəyişdirilməsinə kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyi münasibətilə “Məclisi-üns” adlı tədbir təşkil olunub. Tədbirdə şairənin həyat və yaradıcılığı barədə məlumat verilib, əsərlərindən parçalar oxunub.

***

Kürdəmir RMİ-nin təşkilatçılığı ilə Horadiz şəhər Muğam Mərkəzində “Şuşa zəfəri: dünənimiz, bu günümüz” adlı tədbir keçirilib. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əfsanə Quliyeva, Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı və digərləri çıxış edərək Qarabağ müharibəsi tarixində Füzulinin cəsur övladlarının qəhrəmanlığından, Şuşa zəfərimizə aparan yolun məhz Füzulidən başlamasından ətraflı bəhs ediblər.

Beyləqan rayon Mədəniyyət Mərkəzinin Eyvazalılar kənd Sənətkarlıq klubununrayon MKS-nin Eyvazalılar kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli dövlət xadimi, şair Şah İsmayıl Xətainin (1487-1524) 535 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edənlər Xətainin həyat və yaradıcılığı haqqında məlumat veriblər.

***

Sabirabad RMİ Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evində “Əhməd Cavad haqqında bilmədiklərimiz” adlı tədbir keçirilib. İstiqlal şairinin 130 illik yubileyinə həsr olunan tədbirdə bədii qiraət dərnəyi üzvlərinin ifasında Əhməd Cavadın yaradıcılığından nümunələr səsləndirilib.

***

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Kürçaylı Məmmədov və “Mahirlər” xalq ailə ansamblının bədii rəhbəri Elçin Sadıqov Azərbaycan Dövlət Film Fondunda olublar.

Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev görüşdən xatirə olaraq qonaqlara kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabının bir neçə cildinikinorejissor, Xalq artisti Rasim Ocaqovun filmlərindən ibarət “qızıl kolleksiya” disklərini təqdim edib.

Mədəniyyət işçiləri Səməd Vurğunun Bakıdakı ev-muzeyini də ziyarət ediblər. Muzeyin ekspozisiyası ilə tanışlıq zamanı onlara böyük şairin həyat və yaradıcılığı barədə məlumat verilib.

***

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişafKaryera Mərkəzi (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqların asudə vaxtının səmərəli təşkili” layihəsi istiqamətində “Xarici dili mənimsəyirik” adlı təlim keçirilib. Təlimdə müəllim Sadiq Ağayev məktəblilərə ingilis dilində danışıq qaydalarını videoçarxlar vasitəsilə izah edib.

 

 

Mədəniyyət.- 2022.- 31 avqust.- S.4.