Mədəniyyətlərin mübadiləsi üçün gözəl fürsət

 

Şuşada və Bakıda gənclərin incəsənət düşərgəsi

 

Xəbər verdiyimiz kimi, 26 avqust – 5 sentyabr tarixlərində “Şuşa və Bakıda gənclərin incəsənət düşərgəsi” (Youth ArtCamp Shusha and Baku) adlı beynəlxalq layihə həyata keçirilir. Avqustun 28-də Şuşada ölkəmizdən və xaricdən bir qrup yaradıcı insanın iştirakı ilə layihəyə həsr olunmuş mətbuat konfransı oldu.

Mətbuat konfransını açıq elan edən Azərbaycan Respublikası UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Emil Əhmədov diqqətə çatdırdı ki, “ArtCamp” UNESCO-nun layihəsi olaraq xalqların öz mədəniyyətini, tarixi abidələrini dünyada təbliğ etmək məqsədilə həyata keçirilir.

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyası nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gələn layihədə iştirakçılara respublikamızdakı bütün tarixi abidələri ziyarət etmək imkanı yaradılır.

UNESCO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri, tanınmış heykəltəraş xanım Hedva Serin himayəsi ilə baş tutan beynəlxalq layihənin əsas məqsədi xarici rəssamların yaratdığı əsərlərin nümayiş olunması ilə yanaşı, təşkilatın fundamental dəyərlərini, o cümlədən davamlı sülhü, mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.

“Şuşa və Bakıda gənclərin incəsənət düşərgəsi” layihəsi xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması məqsədilə təşkil olunub.

Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndəsi Murad Məmmədov layihənin məqsədi və əhəmiyyətindən danışdı. Qeyd etdi ki, layihə 2008-ci ildən Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndəliyi tərəfindən yaradılıb. Murad Məmmədov Hedva Ser və UNESCO üzrə Andorra Milli Komissiyasının katibi Jan Mişel Armenqolun təşkilatçı və iştirakçılara minnətdarlığını çatdırdı. Həmçinin qeyd edildi ki, UNESCO üzrə milli komissiyaların təqdim etdiyi namizədlər arasından münsiflər heyəti tərəfindən 16 gənc rəssam seçilərək layihəyə cəlb edilib. Namizədlər Azərbaycan, Türkiyə, ABŞ, Kuba, Belarus, Qazaxıstan, İran və digər ölkələri təmsil edirlər.

Əməkdar rəssam Əsmər Nərimanbəyova ötən il Andorrada keçirilən eyniadlı layihədə iştirak etdiyini söylədi. Bildirdi ki, Azərbaycan uzun illər Ermənistan işğalında qalan torpaqlarını azad edib. 30 illik erməni işğalı dövründə yüzlərlə tarixi abidəmiz dağıdılıb. Layihənin iştirakçıları Ağdamı ziyarət edib və oradakı dağıntıları öz gözləri ilə görüblər: “İnanıram ki, onların təəssüratı rəsmlərdə də əksini tapacaq. “ArtCamp” mədəniyyətlərin mübadiləsi üçün də gözəl fürsətdir. Bu layihə Azərbaycanı dünyada tanıtmaq üçün çox vacibdir”.

Daha sonra iştirakçılar mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırdılar.

Diqqətə çatdıraq ki, layihə çərçivəsində gənc rəssamların əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmin əsərlərin sərgisinin keçirilməsi nəzərdə tutulur.

 

***

 

“İşğaldan azad olunmuş ərazilərə qayıdış üçün hər kəs ürəklə çalışır”

Mətbuat konfransından sonra beynəlxalq layihənin iştirakçısı olan rəssamların ilkin təəssüratlarını öyrəndik.

Əməkdar rəssam Əsmər Nərimanbəyova:

– Layihə çərçivəsində Ağdama səfərimiz böyük təəssürat yaratdı. Bu dağıntılar, erməni vandalizmi qonaqları təsirləndirmişdi. Mən ötən il bu layihənin iştirakçısı kimi Andorrada oldum. Layihə, həqiqətən də, təcrübə mübadiləsinə, müxtəlif ölkələrin mədəniyyəti ilə tanışlığa yönəlib. Çox şadam ki, bu il tədbir Qarabağın incisi Şuşada keçirilir. Layihə Qarabağımızın, Şuşa şəhərinin mədəni-tarixi irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. 16 ölkədən gənclər bir araya toplanıb. Onların ölkəmiz haqqında fikir və düşüncələrini bilmək də bizim üçün maraqlıdır. Ağdama səfərimiz zamanı biz şəhərin əvvəlki görkəminin əks olunduğu fotoşəkilləri iştirakçılara nümayiş etdirdik. İndi gördükləri onları, sözün əsl mənasında, heyrətə saldı. Məndə artıq bir neçə ideya yaranıb. Yəqin ki, yaxın vaxtlarda bu əsərlərlə sizlər də tanış ola biləcəksiniz. Onu da xatırladım ki, şərtlərə görə, hər rəssam üç əsər yaradır və bu əsərlər layihənin təşkil edildiyi ölkədə saxlanılır.

 

 

Zarina Çukitayeva (Qazaxıstan):

– Əvvəlcə Ağdamda olduq. Eyni zamanda bu gün Şuşadayıq. Bu ideyanı dəstəkləyirəm əlamətdar bir fəaliyyət olaraq dəyərləndirirəm. Layihə bir sıra ölkələrdən gənc rəssamları bir araya gətirib bu, təcrübə mübadiləsi eyni zamanda müxtəlif mədəniyyətlərlə tanışlıq baxımından önəmlidir.

 

 

Nərgiz Quliyeva (Azərbaycan):

– Bu beynəlxalq layihənin gerçəkləşdirilməsi tarixi mədəni irsimizin təbliğatı baxımından çox vacibdir. Layihənin iştirakçıları olan müxtəlif ölkələrdən gələn rəssamlar Azərbaycanın mədəniyyəti, incəsənəti tarixinə böyük maraq göstərirlər. Onlar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini görəndə çox təsirləndilər erməni vandallığının şahidi oldular. Biz bu ərazilərdə əsərlər yaratmaqla bərabər, həm xaricdən gələn rəssamlara tariximiz, mədəniyyətimiz haqqında məlumat verir, onları maraqlandıran sualları cavablandırırıq. Hələ ki, eskizlər edirik, sonra isə yəqin bu eskizlər üzərində daha dolğun baxımlı əsərlər meydana gələcək.

 

 

Alper Bakıcı (Türkiyə):

– Ankaradan gəlmişəm. Dünən Ağdama səfər etdik, Azərbaycan Ordusunun 44 günlük müharibədə düşmən tapdağından azad etdiyi torpaqları gördük. Biz o şanlı müharibəni çox böyük həyəcanla izləyirdik və qardaş Azərbaycanın qələbəsinə inanırdıq. Ona görə ki, qardaşlarımızın müharibəsi haqq müharibəsi idi. Şükürlər olsun ki, bizim dualarımız qəbul olundu və arzularımız reallaşdı. Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyuldu, haqq öz yerini tapdı. Bizə də bu yerləri gəlib görmək nəsib oldu. Ağdamda gördüyüm bu vəhşilik məni çox təsirləndirdi.

Şuşanın havası çox gözəldir. Duyğularımı ifadə edə bilmirəm. Burada xoşbəxtəm və düşməndən azad edilən torpaqlarda azərbaycanlı qardaşlarımın sülh içində yaşaması ən böyük arzularımızdan biridir. Biz illərdir Türkiyədə Xocalı faciəsi ilə bağlı tədbirlər təşkil edirdik. Bu gün çox qürurluyam. Özümü evimdəki kimi hiss edirəm. Şəhidlərimizə rəhmət diləyirəm. Layihə çərçivəsində ərsəyə gətirəcəyim üç əsərimi isə Azərbaycan Mədəniyyət Nazirliyinə və Türkiyənin Azərbaycandakı Səfirliyinə hədiyyə etmək istəyirəm.

Lisandra Garcia Lopez (Kuba):

– Azərbaycanın işğaldan azad edilmiş əraziləri bizi çox təsirləndirir. Bu qədər dağıntı bizi məyus edir. Yolboyu burada quruculuq işlərinin davam etdiyini, bu ərazilərdə yaşayışın yenidən qayıdışına hər kəsin ürəklə çalışdığının şahidi olduq. Bizə səfər edəcəyimiz ərazilərin müharibədən əvvəlki fotoları göstərilir. Müqayisə məndə böyük təəssürat və təəssüf hissi yaradır.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 31 avqust.- S.1;3.