Xalça ilmələrinə həkk olunan rəssam ömrü
Azərbaycanda elə bir ev, elə bir ailə yoxdur ki, incəsənətə, xalq sənətinə meyli olmasın. Bu, xalqımızın genetik koduna bağlı məsələ olduğu üçün əbədi özünü göstərəcək.
Tanınmış xalçaçı rəssam, Əməkdar mədəniyyət işçisi Fazil Qənimət oğlu Abasquluzadə də sənət zövqünü, duyğularını ilmələrə həkk edən sənətkarlardandır. 26 sentyabr 1961-ci ildə Qubadlı rayonunun Cılfır kəndində dünyaya göz açan Fazil Abasquluzadə beş yaşı olanda ailəsi həmin rayonun Seytas kəndinə köçür. Yaşının az olmasına baxmayaraq, qız-gəlinlərin, ağbirçək nənələrin toxuduğu al-əlvan xalçalar, həmin xalçaların gözoxşayan naxışları onun diqqətini cəlb edərək bu sənətə olan marağının bünövrəsini qoyur.
Həmin dövrdə Qubadlı rayonunun Teymur Müsyanlı kəndində xalçaçılıqla daha çox məşğul olurdular. Balaca Fazil fürsət tapdıqca xalçaların toxunma prosesini zövqlə seyr etməyə gedərdi. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmağı qərarlaşdırsa da, sonradan öyrənir ki, bu məktəbə daxil olmaq üçün artıq gecikib. Sənət təhsili almaq qərarından vaz keçmir, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsinə daxil olur.
Universitetdə təhsil aldığı
dövrdə incəsənətin bir çox sahəsinə aid
tanınmış müəllimlərdən dərs alaraq sənətin sirlərinə yiyələnir.
Heykəltəraşlıqdan Xalq rəssamı,
professor İbrahim Zeynalov, rəngkarlıqdan Əyyub Səfərovun
məktəbini keçir. Dekorativ-tətbiqi
sənəti daha dərindən mənimsəmək
isə onun ən başlıca məqsədlərindən
birinə çevrilir. Universiteti bitirərkən diplom işi üçün seçdiyi mövzu isə mozaikalar olur. Xarici Dillər Universitetinin
yaxınlığında bir
binanın divarında
30 kvadratmetrlik mozaik panno yaradır. Uğurlu diplom müdafiəsindən
sonra təyinatla İsmayıllı rayonuna
müəllim göndərilir.
O, hərbi xidmət sıralarına yollanaraq əsgəri borcunu yerinə yetirdikdən sonra İsmayıllının
Qoşakənd kənd
məktəbində müəllim
kimi çalışmağa
başlayır. Pedaqoji fəaliyyəti
dövründə məktəbin
bütün bədii tərtibat işləri ilə özü məşğul olur, dərnəyə rəhbərlik
edir. Rayon Təhsil şöbəsinin
metodisti vəzifəsində,
sonralar isə Azərbaycan Beynəlxalq Universitetinin Dekorativ sənət və xalq sənəti fakültəsində müəllim
kimi çalışır.
Rəssamın düşüncəsinə görə,
əsərlər işləndikdən
bir müddət sonra məhv olsa da, xalça
üzərində öz
əsərlərini həkk
etsə, daha uzunömürlü olar və gələcək nəsillərə çatar. Beləliklə o, xalçaçı rəssam
kimi fəaliyyət göstərməyə qəti
qərar verir. İlk peşəkar əsəri
Bəxtiyar Vahabzadənin
1991-ci ildə yazdığı
“Şəhidlər” poemasına
çəkdiyi eskiz olur. Fazil Abasquluzadə ölkəmizdə
“Şəhidlər” mövzusunda
xalça üzərində
əsər ərsəyə
gətirmiş ilk rəssam
hesab edilir. Həmin əsər B.Vahabzadənin
iştirakı ilə
Şəki Tarix-Diyarşünaslıq
Muzeyinə təqdim olunub. Əsər bu gün də muzeydə qorunur. Rəssam Qarabağ müharibəsi
şəhidlərinin də
silsilə portretlərini
yaradıb.
Yaradıcılığında daha çox tarixi, ədəbi mövzulara müraciət
edən rəssam şairlərimizin milli yaddaşa həsr olunan şeirlərindən
ilham alır, yeni sənətkarlıq nümunələri ərsəyə
gətirir. O, böyük şair Məhəmmədhüseyn
Şəhriyarın “Heydərbabaya
salam” poemasına beş əsər
həsr edib. Bu silsilədə şimallı, cənublu vətən ayrılığından,
həsrətindən bəhs
olunur. Rəssamın bu qəbildən
xeyli əsərləri
var.
Şairlərin vətənsevərlik, birlik
aşılayan şeirləri
rəssama daha çox ilham verir. Tək bir bənd şeir ona bəs
edər ki, yeni bir möcüzəli
əsər yaratsın.
Məsələn, o, “Bəxtiyarla
Şəhriyarın şeiri”
adlı əsərini
B.Vahabzadənin aşağıdakı
misralarından təsirlənərək
ərsəyə gətirib:
Bizim bir kimsəyə qərəzimiz yox,
Biz iki qardaşıq,
bir anamız var.
Bir böyük torpağın
iki oğluyuq,
Orda Şəhriyaram,
burda Bəxtiyar.
Sağlığında Xalq şairi həmin əsəri görüb çox təsirlənmişdi.
Şairlərin əsərlərindən ilhamlanaraq yaratdığı
xalça eskizlərindən
Xalq şairi Zəlimxan Yaqubun hazırda evində qorunub saxlanılan “Bu yaşıl ağacın altı bizimdir”, Nizami Gəncəviyə həsr etdiyi “Eşqdir mehrabı uca göylərin” və “Xəmsə” adlı əsərləri
də maraq doğurur.
F.Abasquluzadə yaradıcılığında dini və tarixi
mövzulu əsərlərə
də rast gəlirik. Dini mövzulu “İsmayıl qurbanı”, “Həzrəti
Əli”, “Fatihə”, “Bərəkət duası”
və s. əsərləri
misal göstərə
bilərik. Rəssamın bu mövzuda
işlədiyi ən böyük əsərlərdən
biri mürəkkəb
kompozisiyalı, zərdüştlük
dinindən bəhs edən “Odlar yurdu” əsəridir.
Rəssam tarixi mövzulu əsərlərində döyüş səhnələrini, müharibədə şəhid olmuş hərbçilərin, eləcə də tarixi şəxsiyyətlərin portretlərinin təsvirinə də üstünlük verir. Belə əsərləri arasında Ulu öndər Heydər Əliyevin Türkiyə Prezidenti Süleyman Dəmirələ hədiyyə etdiyi “Atatürk, Süleyman Dəmirəl və Heydər Əliyev” adlı portret xalça xüsusilə diqqətəlayiqdir.
F.Abasquluzadə yaradıcılığı boyunca məşhur rəssamların əsərlərinin də xalça versiyalarını hazırlayıb. Onun daha çox müraciət etdiyi rəssam isə SSRİ Xalq rəssamı Tahir Salahov olub. Daim yaradıcılıq axtarışında olan rəssam səkkiz ilə T.Salahovun 50 əsərinin xalça versiyasını ərsəyə gətirib.
Rəssamın yaradıcılığında mənzərə janrı ilə portret janrının vəhdətini də müşahidə etmək olar. Müəllifin “Dörd fəsil” adlı əsəri mövzusu və yanaşma tərzi ilə seçilən maraqlı nümunələrdəndir. Əsərdə rəssam insan ömrünün dörd fəsildən – yaz, yay, payız və qışdan necə keçməsini canlandırıb...
F.Abasquluzadənin rəsm və xalçaları ölkəmizlə yanaşı, Özbəkistan, Yaponiya, Rusiya, Almaniya, Türkiyə, İran, Koreya, İtaliya və İsraildə sərgilənib. Bir sıra əsərləri xarici ölkələrdə muzeylərdə və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Azərbaycanda Şəki Tarix-Diyarşünaslı Muzeyi, Fransanın Luvr Muzeyi, Türkiyənin Topqapı Muzeyi, İranda M.Şəhriyarın Ev-Muzeyi də rəssamın əsərlərinə ev sahibliyi edir.
Sənətinə böyük sevgisi olan F.Abasquluzadə bu gün də yeni-yeni əsərlər yaradır. Rəssamın böyük oğlu Tural Abasquluzadə də atasının sənət yolunu davam etdirir.
Ziyarət Cabarova
Azərbaycan Dövlət Rəsm
Qalereyasının əməkdaşı
Mədəniyyət.- 2022.- 2
dekabr.- S.7.