Budapeştdə gənc azərbaycanlı pianoçunun konserti

 

Macarıstan paytaxtında fəaliyyət göstərən “Azərbaycan Evi”ndə beynəlxalq müsabiqələr laureatı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihəsinin təqdimatı keçirilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşıb.

Musiqi proqramının təqdimatından öncə gənc pianoçu ölkəmizdə mədəni irsin qorunub saxlanılması və dünyada təbliği, o cümlədən musiqi sənətimizə diqqət və qayğı haqqında danışıb. Vurğulayıb ki, bu layihəni hazırlamaqda məqsədi milli musiqimizin təbliğinə töhfə verməkdir.

Daha sonra Ayan Məmmədli pianoda dahi bəstəkarlarımız Qara Qarayev və Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı təqdim edib.

 

Mədəniyyət.- 2022.- 7 dekabr.- S.8.