Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq

 

Diplomatik münasibətlərin 30 illiyi münasibətilə

 

Dekabrın 5-də Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) “Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq. 30 illik uğurlu əməkdaşlıq” adlı tədbir keçirilib. İki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın və Rusiyanın muzey, kitabxanateatr nümayəndələri iştirak ediblər.

Rusiyanın Azərbaycandakı Səfirliyinin ikinci katibi Pavel Kuznetsov çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən danışıb. Bu ilin fevralında Rusiya və Azərbaycan prezidentləri tərəfindən imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə toxunan diplomat bunun ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini qeyd edib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan-Rusiya mədəni əlaqələrinin tarixindən danışıb. Qeyd edib ki, Milli Kitabxana Rusiyanın bir çox aparıcı kitabxanaları, xüsusən də Rusiya Dövlət Kitabxanası, Prezident Kitabxanası, Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə sıx əməkdaşlıq edir, məlumat və təcrübə mübadiləsi aparır. Diqqətə çatdırılıb ki, Milli Kitabxana dünyanın 60 ölkəsi ilə beynəlxalq kitab mübadiləsi yaradıb, kitabxananın beynəlxalq əməkdaşlıq zalında müxtəlif ölkələrin ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair nəşrlər yer alıb.

K.Tahirov bu il keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi və Milli Kitabxananın sərgi zamanı təşkil etdiyi tədbirlərdən də danışıb. O, gələn il Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin qeyd olunacağını və yubiley çərçivəsində Bakıda Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclasının keçiriləcəyini bildirib.

Azərbaycan və Rusiyanın mədəniyyət xadimlərinin görüşündə qarşıdakı illər üçün ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində iki ölkənin kino sahəsində əməkdaşlığına həsr olunmuş dəyirmi masa da keçirilib. Bakıdakı Rus Evində Rusiya Dövlət Mərkəzi Kino MuzeyininUlduzlar sönmür” adlı sərgisi açılıb. Sərgi Azərbaycan kinematoqrafiyasının təşəkkülündən sovet dönəminin sonuna qədər olan dövrə həsr edilib. Sərginin adı rejissor Əjdər İbrahimovun ekranlaşdırdığı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci sədri Nəriman Nərimanovun həyat və fəaliyyətindən bəhs edən “Ulduzlar sönmürfilminin adından götürülüb. Muzeyin sərgidə təqdim olunan kolleksiyası XX əsrdə Azərbaycan kinematoqrafiyasının, demək olar ki, bütün mərhələlərini əks etdirir.

 

Mədəniyyət.- 2022.- 7 dekabr.- S.3.