CNN kanalında Azərbaycan mədəniyyətinin təbliği davam etdiriləcək

 

Mədəniyyət naziri Anar Kərimov dekabrın 7-də ABŞ-nin CNN telekanalının ölkəmizdə səfərdə olan regionlar üzrə nümayəndəsi İmran Əhməd və sosial şəbəkə hesabları üzrə direktoru Zara Drissi qəbul edib.

CNN-in nümayəndələri Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bundan sonra da bu istiqamətdə yeni layihələrin reallaşacağını vurğulayıblar.

Anar Kərimov CNN əməkdaşlarına Azərbaycan mədəniyyətinin tanıdılması və təbliğinə verdikləri töhfələrə görə təşəkkürünü bildirib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Azərbaycanın Şuşa şəhərinin 2023-cü il üçünTürk Dünyasının Mədəniyyət Paytaxtı” elan edildiyini diqqətə çatdıran nazir qədim şəhərimizin tarixi-mədəni irsinin lentə alınıb nümayiş etdirilməsinin əhəmiyyətini qeyd edib. UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”sında yer alan Qarabağ atüstü oyun ənənəsi – çövkənlə bağlı təbliğat materiallarının geniş ictimaiyyətə çatdırılmasının da vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanın tarixi-mədəni dəyərlərinin beynəlxalq səviyyədə işıqlandırılması məqsədilə CNN kanalı ilə Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində bu il Azərbaycan xalçaları, muğammusiqi sənətimizlə bağlı silsilə videoçarxlar telekanalda yayımlanıb.

Görüşdə qarşıdakı illərdə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müzakirə aparılıb.

 

Mədəniyyət.- 2022.- 9 dekabr.- S.2.