Mədəni mülkiyyətin qorunması üzrə UNESCO Komitəsinin sessiyası keçirilir

 

15-16 dekabr tarixlərində Parisdə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 17-ci sessiyası keçirilir.

Sessiyada ölkəmiz Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi səviyyəsində təmsil olunur.

Daimi nümayəndəlikdən bildirilib ki, sessiyanın açılış günündə Komitənin bürosunun formalaşdırılması məsələsi müzakirə edilib. Azərbaycan Komitənin sədr müavini seçilib.

Sessiyanın gündəliyinə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunun UNESCO-nun digər konvensiyalarına inikası, Haaqa Konvensiyasının həyata keçirilməsi ilə bağlı resursların səfərbər edilməsi və digər məsələlərin müzakirəsi daxildir.

Qeyd edək ki, Azərbaycan 2021-ci ildə UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv (4 il müddətinə) seçilib.

 

Mədəniyyət.- 2022.- 16 dekabr.- S.1.