Hər mükafat yeni yaradıcılıq ideyaları üçün motivasiyadır

MDB-nin humanitar sahə üzrə mükafatçılarının təəssüratı

 

Xəbər verdiyimiz kimi, 12-13 dekabrda Özbəkistanın paytaxtı Daşkənddə MDB-nin iştirakçısı olan dövlətlərin Yaradıcı və elmi ziyalılarının XV ForumundaBirlik ulduzları” dövlətlərarası mükafatının builki laureatlarının təltif edilməsi mərasimi keçirilib.

Azərbaycandan Xalq rəssamı, heykəltəraş Natiq Əliyev “Birlik ulduzları” mükafatı, gənc azərbaycanlı memar İlqar Manaflı isə “Debütlər Birliyi” mükafatı ilə təltif olunub.

Birlik ulduzları” MDB-də humanitar sahə üzrə əsas mükafatdır. 2009-cu ildə MDB Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. Mükafat MDB iştirakçısı olan hər ölkədən bir təmsilçiyə verilir. “Debütlər birliyi” mükafatı ilə isə sənətdə, peşədə uğurlara görə hər ölkədən bir gənc təltif olunur.

Hər iki laureat təltiflə bağlı təəssüratını media mənsubları ilə bölüşüb.

***

Bu mükafatı böyük sevinc və minnətdarlıqla qəbul etdim. Hər mükafat yeni yaradıcılıq ideyaları üçün motivasiyadır. O, yeni ideyalara ruhlandırır, stimul verir.

Xalq rəssamı Natiq Əliyev bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

N.Əliyev deyib: “Forumda görkəmli yaradıcı şəxsiyyətlər çox idi. Onlardan bəzilərini şəxsən tanıyırdım, bəziləri ilə qiyabi tanış idim, orada onlarla ünsiyyət saxlamaq, fikir mübadiləsi aparmaq imkanı yarandı. Məşhur heykəltəraş İqor Burqanov mənim işlərimlə yaxşı tanış olduğunu dedi və birgə işləməyi təklif etdi. Belə insanlarla ünsiyyət mənə güclü təsir bağışladı, fikrimdə yeni yaradıcılıq ideyaları əmələ gəldi. Bundan sonra yeni qüvvə ilə yaradacağam, bundan mənəvi məmnuniyyət qazanacağam...”.

Natiq Əliyevin monumental əsərləri Azərbaycanla yanaşı dünyanın bir sıra ölkələrində ucaldılıb.

Onun 1990-cı ildə həmkarı Rahib Həsənovla birgə yaratdığı Əliağa Vahidin abidəsi bir sıra məziyyətlərinə görə Azərbaycan heykəltəraşlıq sənətində əlamətdar hadisə kimi qəbul edilib.

Natiq Əliyev Ümummilli lider Heydər Əliyevin Kiyev, Tbilisi, Həştərxan və Belqradda ucaldılmış abidələrinin, Həştərxanda knyaz Vladimirin, Bakıda rumın bəstəkarı Corce Eneskunun heykəllərinin, Şəkidə məşhur norveçli arxeoloq və səyyah Tur Heyerdalın büstününşair Bəxtiyar Vahabzadənin heykəlinin, Bakıda memar Zivərbəy Əhmədbəyovun və Avstriya bəstəkarı V.A.Motsartın, Belqradda serb yazıçısı Milorad Paviçin, Serbiyanın Novi-Sad şəhərində Üzeyir Hacıbəylinin, Ankara, Sarayevo, Mexiko şəhərlərində Xocalı soyqırımı qurbanlarına xatirə abidələrinin müəllifidir.

Memorial heykəltəraşlıq Natiq Əliyevin yaradıcılığında xüsusi yer tutur. O, bir çox tanınmış şəxsiyyətlərin (Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Cabir Novruz, Zeynal Cabbarzadə, Amaliya Pənahova, Həqiqət Rzayeva, Bəşir Səfəroğlu, Habil Əliyev, Zəlimxan Yaqub, Fikrət Qoca, Musa Yaqubb.) xatirəsinə memorial xatirə lövhələr və məzarüstü abidələr yaradıb.

***

“Debütlər Birliyi” beynəlxalq mükafatının laureatı İlqar Manaflı İçərişəhər ərazisində “Xan bağı”, paytaxtın Pirşağı və Əmircan kəndlərinin abadlıq və yenidənqurma layihələrinin müəllifidir.

O deyib: “Bu, mənim üçün tamamilə gözlənilməz idi. Axı mən öz işlərimi müsabiqəyə təqdim etməmişdim. Buna görə də MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun təqdim etdiyi bu mükafatı almaq mənim üçün çox xoş idi. MDB-nin yaradıcı və elmi ziyalılarının forumunun işində mənim doğma ali məktəbimin – Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın iştirakı mənim üçün ikiqat sevindirici hal idi. Ona bu ali məktəbdə əldə etdiyim bilik və bacarıqlara görə minnətdarlığımı bildirdim”.

İ.Manaflı Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra ali təhsilini Avstriyada (Donau University) davam etdirib. Gənc memar iqlim şəraiti və yerin ekologiyasının qorunub saxlanılması nəzərə alınmaqla memarlığın nəzəriyyə və praktikasını öyrənir.

İ.Manaflı 2017-ci ildə təsis etdiyi “MANARCH” memarlıq studiyasında öz ətrafına təşəbbüskar və yenilikçi gəncləri toplayıb. Elə həmin il studiya tenderdə qalib gələrək “Xan bağı” layihəsini həyata keçirməyə başlayıb. 2018-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin gənc səfiri seçilib.

 

Mədəniyyət.- 2022.- 21 dekabr.- S.7.