Türk dövlətləri: Şərq və Qərb arasında körpü

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi FondundaTürk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib.

Fonddan bildirilib ki, tədbirə Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” beynəlxalq elmi konfransın qonaqları da qatılıb. Sözügedən konfransın təşkilinə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da dəstək verib.

Fondun prezidenti Günay Əfəndiyeva dəyirmi masa iştirakçılarına Türk dünyasının qədim mədəni irsinin öyrənilməsi, qorunması və dünyada həyata keçirdikləri layihələr haqqında məlumat verib. O, türk xalqlarının Şərq və Qərb sivilizasiyalarının qovuşduğu coğrafiyada məskunlaşmasından bəhs edərək, onların AvropaAsiya arasında elmi-mədəni mübadilələrdə oynadığı rolun əhəmiyyətinə diqqət çəkib.

Dəyirmi masada çıxış edən BDU-nun rektoru Elçin Babayev türk dövlətləri arasında bütün sahələrdə genişlənən münasibətlərin türk birliyi ideyasının inkişafına təkan verdiyini deyib, Türk Mədəniyyəti və İrsi Fondunun bu yöndə fəaliyyətini yüksək qiymətləndirib.

Milli Məclisin deputatları Jalə Əliyeva, Nizami Cəfərov, Vüqar İskəndərov dəyirmi masanın əhəmiyyətindən bəhs ediblər.  Vurğulanıb ki, türk xalqlarının məskunlaşdığı coğrafiya özlüyündə onların AvropaAsiya arasında iqtisadi, siyasi, mədəni əlaqələrdə fəal iştirakını şərtləndirib.

Dəyirmi masada L.Qumilyov adına Avrasiya Milli Universiteti (Qazaxıstan) Türkologiya fakültəsinin professoru Nurila Şahmerdanova, Dövlət Universiteti (Qırğızıstan) Şərqşünaslıq fakültəsinin professoru Baybolot Abitov, Ankara Universitetinin elmi işlər üzrə prorektoru Mustafa Fənər, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti Ərəb filologiyası kafedrasının müdiri professor Şarustam Şamusarov, Macarıstanın Eotvos Lorand (ELTE) Universiteti Şərqşünaslıq fakültəsinin müəllimi Andras Czentnar, Varşava Universiteti (Polşa) Şərqşünaslıq fakültəsinin dekanı professor Pyotr Taraka çıxış ediblər. Türk dövlətlərinin Avrasiya məkanında rolu haqqında fikir mübadiləsi aparılıb.

Fond adından iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

Tədbirin bədii hissəsində türk dövlətlərindən olan sənətçilərin ifasında mahnılar, milli musiqilər səslənib.

 

Mədəniyyət.- 2022.- 21 dekabr.- S.5.