Mədəniyyət Nazirliyi ilə DİM arasında anlaşma memorandumu imzalanıb

 

Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların əsas istiqamətlərindən birini tabelikdə olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu, eləcə də direktordirektor müavini təyinatının müsabiqə vasitəsilə həyata keçirilməsidir. Məqsəd qeyd olunan sahələrdə şəffaflığın təmin edilməsi, kadrların müvafiq istiqamətlər üzrə bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsindən ibarətdir.

Məlum olduğu kimi, uşaq incəsənət və musiqi məktəblərində tədrisin necə qurulması mədəniyyətimizin inkişafının təməlində dayanan əsas məsələlərdən biridir. Yəni bu sahədə keyfiyyətli təhsil başlıca meyardır. Mədəniyyət Nazirliyi musiqimizin, mədəniyyətimizin gələcək nəsillərə çatdırılmasının ən mütərəqqi üsul və vasitələrinin tətbiqi işinə böyük önəm verir. İslahatlara məhz bu mərhələdən – uşaq musiqi və incəsənət məktəblərindən – başlanılması da bununla əlaqədardır. Çünki məktəblərdə təhsil alan uşaqlarpedaqoji heyət üçün tam şəffaf mühitin yaradılması, bu prosesə ciddi nəzarət olunması tədrisin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, bütövlükdə bu sahənin mənəvi-psixoloji baxımdan da saflaşmasına vəsilə olacaq. Təlim-tədris sisteminin təkmilləşdirilməsi üçün peşəkar kadrların prosesə cəlb edilməsi də əsas şərtdir.

Bu islahatların reallaşdırılmasında Dövlət İmtahan Mərkəzi (DİM) ilə uğurlu əməkdaşlığa başlanılıb. Bu ilin avqust ayında nazirliyin DİM-lə birgə keçirdiyi müəllimlərin işə qəbul imtahanı da bunun əyani sübutudur.

İki qurum arasından əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə bu günlərdə real addımlar atılıb. Dekabrın 13-də Mədəniyyət Nazirliyi ilə DİM arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu münasibətlə DİM-də keçirilən görüşdə mədəniyyət naziri Anar Kərimov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, eləcə də nazirliyin və mərkəzin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə nazirliyin nümayəndələri DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycanın elektron xəritəsi ilə tanış olublar.

Görüşdə Mədəniyyət Nazirliyi ilə DİM arasında dərinləşən əməkdaşlığın nazirlik tərəfindən reallaşdırılan islahatlara mühüm töhfə verəcəyi bildirilib. Bu baxımdan imzalanacaq memorandumun vacib əhəmiyyət kəsb etdiyi vurğulanıb. Söhbət zamanı, həmçinin təkcə musiqi məktəblərinin yox, gələcəkdə Mədəniyyət Nazirliyinin strukturuna daxil olan digər müəssisələrdə də işə qəbul prosesinin DİM ilə birgə həyata keçirilməsi məsələsi müzakirə edilib.

Daha sonra nazir Anar Kərimov və DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iki qurum arasında əməkdaşlığa dair anlaşma memorandumunu imzalayıblar.

Memorandumun məqsədi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin və direktorların işə qəbulu üzrə test imtahanlarının şəffaflığını təmin etmək, sahə üzrə uğurlu beynəlxalq təcrübəni ölkə kontekstinə uyğun olaraq tətbiq etmək, peşəkar kadr bazasının formalaşmasına və sahə üzrə səriştəli şəxslərin pedaqoji fəaliyyətə cəlb olunmasına töhfə verməkdən ibarətdir.

Sənəddə hər iki qurum tərəfindən birlikdə imtahanın keçirilməsi qaydaları və müsabiqə şərtləri barədə müzakirələrin aparılması, müvafiq təkliflərin hazırlanması, habelə DİM tərəfindən imtahan prosesinə cəlb olunan ekspertlərə təlimlərin keçilməsi öz əksini tapıb.

Memorandumda, həmçinin rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ilə bağlı qüvvədə olan qanunvericiliyə əməl edilməsi ayrıca bənddə göstərilib. Bu sənədin icrası ilə əlaqədar hər hansı maddisair nemətlərin, imtiyazya güzəştlərin qanunsuz təklif və ya vəd olunması, yaxud verilməsi barədə informasiya ortaya çıxdıqda tərəflərdən birinin digərini dərhal məlumatlandırması da memorandumda təsbit olunub.

Sənədin imzalanma mərasimindən sonra nazir Anar Kərimov Azərbaycan tarixinə və mədəniyyət paytaxtımız Şuşaya həsr olunan kitabları DİM-in kitabxanasına hədiyyə edib.

 

Mədəniyyət.- 2022.- 21 dekabr.- S.5.