Milli Kitabxanada Əhməd Bakıxanovun yubileyi qeyd edilib

 

Dekabrın 20-də Milli Kitabxanada Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun anadan olmasının 130 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov 1930-cu illərdən Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyən, Azərbaycan Radiosu nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olan Əhməd Bakıxanovun milli musiqi mədəniyyətimizə olan töhfələrindən danışıb.

Xalq artisti, tarzən Ramiz Quliyev tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə təşəkkür edərək deyib: “Əhməd Bakıxanovun bizə miras qoyduğu irsi, tarixi unutmaq olmaz. Tarın sütunlarından biri Sadıqcan, digərləri Qurban Pirimov və Mirzə Mansurov, biri isə Əhməd Bakıxanov olub. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu Xalq çalğı alətləri ansamblı hazırda da onun adını daşıyır”.

Xalq artisti, tarzən Zamiq Əliyev qeyd edib ki, Əhməd Bakıxanov və digər görkəmli tarzənlərimizdən gələn ənənəni davam etdirmək, tarın texnikasını dərindən öyrənmək, onu qorumaq, tarzən ordusu yetişdirmək və tarımızın bu gün sədasının dünyanın hər yerindən gəlməsini təmin etmək bizim ən ümdə vəzifəmizdir.

Əhməd Bakıxanovun oğlu, Xalq artisti, bəstəkar Tofiq Bakıxanov atasının 130 illik yubileyinin keçirilməsinə dair sərəncam imzaladığına görə Prezident İlham Əliyevə və muğamlarımızın qorunması istiqamətindəki əvəzsiz xidmətlərinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçıları Əhməd Bakıxanovun 130 illiyi ilə bağlı təşkil olunmuş sərgiyə baxış keçiriblər.

 

Mədəniyyət.- 2022.- 21 dekabr.- S.2.