2022-ci ilin mədəni mənzərəsi   

 

Beynəlxalq festivallar, sərgilər və yubileylərlə zəngin il

 

270 yaşlı mədəniyyət paytaxtımız Şuşa ilə şərəflənən 2022-ci il ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisələrlə yadda qaldı. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirəcək Şuşa şəhərinin yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olundu.

Qala-şəhərimiz azadlığına qovuşandan sonra bu il ikinci dəfə ənənəvi “Xarıbülbül” festivalına ev sahibliyi etdi. Ondan çox ölkədən musiqiçifolklor kollektivləri Şuşanın Cıdır düzündə rəngarəng konsert proqramı nümayiş etdirdilər. Dünyaca məşhur şuşalı Üzeyir Hacıbəylinin adını daşıyan, bu il 14-cü dəfə keçirilən Beynəlxalq Musiqi Festivalının bir sıra konsertləri də dahi bəstəkarın yurdunda keçirildi.

Yubiley ilində Şuşa həm də növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi etdi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə kitab sərgisi nümayiş olundu, Vətən müharibəsinə, Qarabağa, onun tacı Şuşaya həsr edilən nəşrlərin təqdimatı keçirildi.

Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə bu il həm də Mədəniyyət NazirliyiŞuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisi bərpa edildi. Bu münasibətlə Şuşada gerçəkləşən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın şairləri udqanunun müşayiəti ilə şeirlər söylədilər.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il səkkizincisi keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi mədəniyyət paytaxtımızın yubileyinə həsr olundu. Eyni zamanda nazirlik tərəfindən “Şuşa – 270” xatirə nişanı da təsis edildi.

2022-ci il Azərbaycan mədəniyyət və incəsənətinin, ədəbiyyat və elminin inkişafına mühüm töhfələr vermiş bir sıra şəxsiyyətlərin yubileyləri ilə əlamətdar oldu. Dövlət başçısının müvafiq sərəncamları ilə musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş SSRİ Xalq artistləri, bəstəkarlar Fikrət Əmirov və Rauf Hacıyevin 100, ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyləri qeyd olundu.

Yubiley tədbirlərinin arealına və rəngarəngliyinə görə, yola saldığımız ili “Fikrət Əmirov İli” də adlandırmaq olar. Dünya şöhrətli bəstəkarın yubiley tədbirləri UNESCO və TÜRKSOY kimi beynəlxalq təşkilatlarda, bir sıra ölkələrdə qeyd olundu. Azərbaycan Mədəniyyət NazirliyiUNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş təntənəli musiqi axşamı keçirildi. Bir sıra ölkələrdə konserttamaşa nümayişləri gerçəkləşdi. Bunların sırasında Nyu-Yorkdakı “Karnegie Hallda keçirilən “Dostluq körpüləri” adlı konsert xüsusilə əlamətdar oldu. Azərbaycan Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Vaşinqtondakı səfirliyimizin dəstəyi ilə gerçəkləşən konsert F.Əmirov yaradıcılığının uzaq Amerikada böyük təntənəsi idi. “Türk dünyasının mədəniyyət paytaxtı” Bursada da dahi bəstəkarın yubiley konserti keçirildi.

2022-ci il həmçinin görkəmli bəstəkar, mədəniyyət xadimi Rauf Hacıyevin 100 illiyi ilə əlamətdar oldu.

Hər iki yubiley münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Fikrət Əmirov – 100” və “Rauf Hacıyev – 100” musiqi festivalları reallaşdı, Bakıda və Gəncədə konserttamaşa nümayişləri oldu.

Bundan əlavə, il ərzində görkəmli xanəndələr Sara Qədimova və Şövkət Ələkbərovanın 100, ustad kamança ifaçısı Habil Əliyevin 95, bəstəkar Emin Sabitoğlunun 85, dünya şöhrətli operaestrada müğənnisi Müslüm Maqomayevin 80 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd olundu. Bu gün də Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən sənətkarlardan maestro, Xalq artisti Rauf Abdullayevin 85, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi. Xalq artistləri – bəstəkar Eldar Mansurov və müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65, xanəndə Mələkxanım Əyyubovanın 60 illiyi qeyd olundu.

Dövlət başçısının sərəncamları ilə bu il həm də görkəmli şair, xeyriyyəçi Xurşidbanu Natəvanın 190, maarif və mətbuat xadimi Ömər Faiq Nemanzadənin 150, dahi şair-dramaturq Hüseyn Cavidin 140, istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd olundu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdamdakı “İmarət” kompleksində Natəvanın yenidən ucaldılmış abidəsinin açılışı keçirildi.

Hüseyn Cavidin yubileyi münasibətilə Vaşinqtonda ədibin barelyefinin açılışı oldu. Gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu barelyef şəhərdəki ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının fasadına vurulub.

Görkəmli şair, pedaqoq, ictimai xadim Əhməd Cavadın 130 illiyiböyük təntənə ilə qeyd olundu. Yubiley tədbirləri şeirlərində böyük sevgi ilə vəsf etdiyi Türkiyədə, eləcə də Özbəkistanda da keçirildi, həyat və yaradıcılığına həsr olunan kitabların təqdimatı reallaşdı.

Həmçinin dramaturgiyamızın banisi Mirzə Fətəli Axunzadənin 210, milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin 180, böyük maarifçirealist şair Mirzə Ələkbər Sabirin 160, yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin 135, böyük müğənni Bülbülün 125, maestro Niyazinin 110, Aşıq Şakirin 100,  Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 illiyibir sıra mədəniyyət, elm və ədəbiyyat xadiminin yubileyləri qeyd olundu.

Bu il həm də Azərbaycan mədəniyyətində, elmində özünəməxsus yeri olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının və İrəvan Müəllimlər Seminariyasının 140 illiyi idi. Hər iki yubileylə əlaqədar dövlət başçısı tərəfindən sərəncamlar imzalanmışdı.

 

Mədəniyyət.- 2022.- 29 dekabr.- S.1;2.