Mədəniyyət ocaqlarının xatirə tədbirləri

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında “Şuşa həqiqətləri” adlı tədbir keçirilib.

MKS-nin direktoru Lətifə Məmmədova, kitabxananın əməkdaşlarından İradə Hüseynova, Yeganə Qafarova, Sevil Namazova və Lalə Səlimova Şuşa şəhərinin tarixindən, Azərbaycanın mədəni həyatının mühüm mərkəzlərindən biri olmasından söhbət açıblar.

Vurğulanıb ki, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşada xalqımızın tarixi-mədəni irsi dağıdılıb. 8 noyabr 2020-ci il Şuşanın tarixində şanlı gün kimi yazılıb, qədim şəhərimiz 28 illik işğaldan sonra müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilib. 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan şəhər bu il 270 yaşını təntənə ilə qeyd edəcək.

 

***

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “8 Mart” adına Mədəniyyət evində “Şuşa İli” ilə bağlı dəyirmi masa təşkil olunub.

Baş idarədən bildirilib ki, tədbirdə “Şuşa İli”nə həsr olunmuş videoçarx təqdim edilib.

Sonra Mədəniyyət evinin metodisti Zəhra Fərzəliyevanın “Şuşa İli” haqqında məruzəsi dinlənilib.

 

***

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-nin Mərkəzi Kitabxanası Vətən müharibəsi şəhidi, tankçı Murad Nağıyev haqqında videomaterial hazırlayıb. Videomaterialda şəhidini şərəfli ömür yolu haqqında məlumat verilib.

Murad Nağıyev 1997-ci il fevralın 9-da Qazax rayonunda anadan olub. Uşaq ikən ailəsi Bakı şəhərinə köçüb. Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Sonra hərbi təhsilini Türkiyədə davam etdirib.  2016-cı ildə Azərbaycana qayıdıb. 2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun olub. N saylı hərbi hissədə leytenant hərbi rütbəsi ilə tank taborunda tağım komandiri olaraq xidmət edib.

Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərində döyüşlərdə iştirak edən Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl rayonu ərazisində şəhid olub. Bakıda, II Fəxri xiyabanda dəfn edilib.

 

 

Mədəniyyət.- 2022.- 16 fevral.- S.6.