Ərəb mətbuatında Molla Pənah Vaqif haqqında məqalə

 

 

İordaniyanın “Əl Ənbat”, “Cohina” və “Nəbd Əl Balad” qəzetləri və Əlcəzairin “Əl Hərir” portalında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş məqalə dərc olunub.

İordaniyalı akademik Mərvan Sudanın müəllifi olduğu məqalədə şairin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat yer alıb. Qeyd olunur ki, bu il anadan olmasının 305 və vəfatının 225-ci ildönümü qeyd olunacaq Vaqif dövrünün ən məşhur şairi, eyni zamanda Qarabağ xanının vəziri kimi müdrik şəxsiyyət olub. “Azərbaycanda xalq arasında məşhur bir deyim var; hər oxuyan Molla Pənah olmaz. Bu, şair və dövlət xadiminin el arasında müdrikliyinin təzahürüdür”, - deyə M.Suda yazır.

 

Müəllif sovet dövründə, Azərbaycanda çalışdığı vaxt poeziya antologiyasında Vaqif yaradıcılığı barədə ərəb dilində ilk məlumatı əldə etdiyini, şairin şeirlərinin ərəbcəyə tərcüməsinin zəruri olduğunu da diqqətə çatdırır.

 

Mədəniyyət.- 2022.- 18 fevral.- S.6.