Xalqımıza Zəfər ruhu qazandıranlar unudulmur

 

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Qəhrəmanları tanıyaq” adlı layihəyə başlanılıb. Layihə çərçivəsində ilk tədbir şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 saylı tam orta məktəbində təşkil edilib. Muzeyin direktoru Əntiqə Tağıyeva Birinci Qarabağ və 44 günlük Vətən müharibələri, Ordumuzun qazandığı uğurlar haqqında şagirdlərə geniş məlumat verib.

Sabirabad RMİ Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Mehdi Şıxəliyevin doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.

Şəki RMİ Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi Kitabxanasında “Bizə Zəfər qazandıran igidlərimiz” adlı tədbir təşkil edilib. Kitabxananın hərbi-vətənpərvərlik layihəsi çərçivəsində keçirilən tədbir fevralda anadan olan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunub. Tədbirdə çıxış edən Qax rayon MKS-nin direktoru Güllü Əhmədova torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim uca tutulduğunu, onların adlarının əbədiləşdirildiyini, xatirə komplekslərinin, abidə-bulaqların yaradıldığını diqqətə çatdırıb. Sonra şəhidlərə həsr olunan film nümayiş etdirilib.

Sumqayıt RMİ Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzi və C.Cabbarlı adına Mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Rauf İbadovun ailəsini ziyarət edib, maddi-mənəvi dəstək göstərib.

 

Mədəniyyət.- 2022.- 18 fevral.- S.4.