Dilimizi sevək, qoruyaq

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının 1-ci sinif şagirdlərinin iştirakı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuşDilimizi sevək, qoruyaq” adlı tədbir keçirib.

Şagirdlər əvvəlcə kitabxana ilə tanış olublar. Uşaqlar ana dilimizə  həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova ana dilinin insan həyatında əvəzsiz yeri olduğunu vurğulayıb. Qeyd edib ki, məhz ana dilinin hər bir xalq üçün müstəsna önəmi nəzərə alınaraq UNESCO tərəfindən 1999-cu ildə belə bir gün təsis edilib.

Əməkdar müəllim Yaqut Əzimzadə böyük maarifpərvər Firidun bəy Köçərlinin ana dili haqqında fikirlərini diqqətə çatdırıb: “Ana südü bədənimizin mayası olduğu kimi, ana dilimizruhumuzun qidasıdır. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır..

Kitabxananın foyesində təşkil olunmuş “Mənim ana dilim” adlı kitab sərgisinə baxış keçirilib. Tədbir iştirakçılarına kitabxananın saytında yerləşdirilmiş uşaq mahnıları, cizgi filmləri barədə də məlumat verilib. Sonda şagirdlərə kitabxananın nəşri olanGöy qurşağı” jurnalı hədiyyə edilib.

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.2.