Sumqayıtda doğan “Günəşim”

 

 

Uşaqların mənəvi zənginlik və zövq baxımından formalaşmasında, sözsüz ki, teatrın da özünəməxsus yeri var. Doğrudur, indi multimedia oyunları, vizual əyləncəli tətbiqlər, animasiya onların zövq və təfəkküründə öz izini qoyur. Bu baxımdan teatr, o cümlədən kukla teatrlarının fəaliyyəti  xüsusi əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, ölkə üzrə dövlət statusu olan beş kukla teatrı var. Eyni zamanda bir sıra dövlət teatrları, profildən kənar olsa da, plan-proqramlarına uşaq, arabir kukla tamaşaları da daxil edirlər. Bu məqam həm də uşaq teatrına, kukla sənətinə kütləvi maraq və tələbatın göstəricisi sayıla bilər.

Uşaq teatr kollektivlərinin sırasına Sumqayıtda fəaliyyətə başlayan “Günəşim” kukla teatrı da qoşulub.

Müstəqil uşaq teatrı kimi 2019-cu ildə yarandıqlarını və müvafiq qeydiyyatdan (Ədliyyə Nazirliyi) keçdiklərini bildirən layihənin rəhbəri və teatrın təsisçisi Ayişə Səfərli öz fəaliyyətləri ilə həm uşaqlara, həm də mənəvi dünyasında kuklalara yer saxlayan böyüklərə xitab etdiklərini deyir: “Böyüməkdə olan nəslin milli teatr sənətinə sevgi ruhunda yetişməsi, həvəskar aktyorların formalaşması və ən əsası, kukla teatrı sənətinə uşaqların marağının daha da təşviq edilməsi məqsədilə bu kollektivi yaratdıq. Nağıllar vasitəsilə uşaqlar fantaziyanı gerçəyə çevirərək təxəyyülünü inkişaf etdirir. Biz də Sumqayıtda kukla teatrının olmadığını nəzərə alaraq, “Günəşim” teatrını yaratmaq qərarına gəldik. Ötən qısa müddətdə müəyyən repertuarımız formalaşıb. “Tıq-tıq xanım”, “Qırmızıpapaq”, “Qoğal”, “Cırtdan” kimi nağıl-tamaşalarımız var...”.

Həmsöhbətim qeyd edir ki, teatr təkcə Sumqayıtda deyil, Xızı rayonunda da səyyar tamaşalarla uşaqları sevindirir: “Düzü, bu işə başlayanda müəyyən qayğıların da ola biləcəyini nəzərə almışdım. Amma çox sevinirəm ki, bizim teatr sevgimiz qarşılıqlı oldu və teatrsevərlər bizi tək buraxmadılar. Teatrların fəaliyyətinə icazənin verildiyi (1 oktyabr 2021-ci ilred.) bu bir neçə ayda mindən çox bilet satmışıq. Uşaqların asudə vaxtının səmərəli təşkili həm də sosial məsuliyyətdir və bu yolda bizimlə olan hər kəsə təşəkkür edirəm”.

Layihə rəhbəri tamaşaları dəvətli mütəxəssislərlə birgə hazırladıqlarını deyir. Tamaşaların quruluş müəllifi Sumqayıt Dövlət Dram Teatrının rejissoru Fuad Kazımov, rəssamı Elvin Əbdülhəsənovdur. Aktyor truppasına gəlincə, kuklaları Sabir Məmmədov, Güllü Aslanova, Ramilə Sadıqova, Yusif Dadaşov hərəkətə gətirirlər. Musiqi tərtibatı ilə Emil Murad və İradə Aslanova məşğul olurlar.

Sumqayıt Gənclər evində fəaliyyət göstərən “Günəşim” teatrının yaradıcılıq planları böyükdür.  Hazırda “Balıqçı pişik” (ssenari müəllifi Vladimir Suteyev) cizgi filmi əsasında kukla tamaşası səhnələşdirilir. Tamaşa Azərbaycan və rus dillərində hazırlanır.

 

Həmidə

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.4.