Moskvada Azərbaycan mədəniyyəti günləri

 

Otuzillik diplomatik münasibətlər tarixinə mədəni irs rakursundan baxış

 

 

Fevralın 22-də Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada Azərbaycan günləri başlayıb. Martın 1-dək davam edəcək silsilə mədəniyyət tədbirləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunub.

Silsilə tədbirlər çərçivəsində Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları: yeni baxış” adlı sərgi açılıb.

“Azərxalça” ASC ilə birgə təşkil olunan sərgidə “Qarabağqrupuna aid xalçalar nümayiş etdirilir. Onlardan dördü yeni orijinal formatda olan müasir kolleksiyadandır. Sərgilənən eksklüziv xalçalar “Azərxalça”nın yaradıcı kollektivinin Əməkdar rəssam Rəşad Ələkbərovla birliyinin məhsuludur.

“Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, sərgilənən xalçaların hamısı Qarabağ məktəbinə aiddir: “Biz ənənəvi klassik Qarabağ xalçalarına artıq yeni baxış nümayiş etdirir, müasir, konseptual, XXI əsrin interyerinə uyğun xalçalar təqdim edirik”.

Rəşad Ələkbərovun dizaynı üzrə Qarabağ məktəbinə aid “Qasımuşağı” qrupu xalçalarının əsasında hazırlanan xalçalar məhdud – 44 sayda toxunub. Qeyd edək ki, kolleksiyanın bu sayda xalçadan ibarət olması Azərbaycanın Qarabağ Zəfərini simvolizə edir.

EkspozisiyadaQarabağqrupuna aid məşhur “Əjdahalı” xalçalar da yer alıb. “Bizim əsas məqsədlərimizdən birimüasir Azərbaycan xalçalarını tanıtmaqdır. Azərbaycanda bütün incəsənət növləri inkişaf edir. Niyə xalçamız da inkişaf etməsin? İndi müxtəlif hərraclarda qədim Azərbaycan xalçaları satılır, dünyanın ən tanınmış muzeylərində qədim xalçalarımız nümayiş etdirilir. Biz istərdik ki, 50-100 il sonra həm qədim, həm də indi toxunan xalçalarımız əntiq xalçalar kimi sərgilənsin, hərraclara çıxarılsın”, – deyə Emin Məmmədov əlavə edib.

“Azərbaycan” pavilyonunun rəhbəri Səadət Qədirova qeyd edib ki, sərgidə Azərbaycan xalçaçılıq ənənələri müasir rakursdan təqdim edilir, həm klassik ifada, həm də müasir dizaynda xalçalar göz oxşayır: ”Azərbaycan rəhbərliyi tərəfindən xalçaçılıq sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Mənə çox xoşdur ki, bu nəfis xalçalar, incəsənət nümunələri pavilyonumuzda sərgilənir”.

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun daha bir layihəsi – dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən-dilə” ədəbiyyat layihəsi təqdim olunur.

Layihə çərçivəsində Rusiyanın və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən parçalar təqdim edilib.

Fevralın 22-də axşamQelikon-operaMusiqili Teatrında “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert keçirilib. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçirilən konsertdə Ceyla Seyidova (skripka), Dinara Əliyeva (vokal), Elçin Əzizov (vokal), Elvin Qəniyev (skripka), Murad Adıgözəlzadə (fortepiano), Sahib Paşazadə (tar), Şəhriyar İmanov (tar), Yusif Eyvazov (vokal) Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim ediblər.

 

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.1.