Diplomatik əlaqələrin 30 illiyi münasibətilə

 

“Əməkdaşlıq bundan sonra da inkişaf edəcək və genişlənəcək”

 

 

 

Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq arenaya çıxmasının, BMT-yə, digər beynəlxalq təşkilatlara üzvlüyünün, eləcə də bir çox ölkələrlə diplomatik münasibətlər qurmasının 30-cu ildönümü tamam olur.

Fevral ayında Azərbaycanla diplomatik münasibətlərin 30 illiyini qeyd edən ölkələr sırasında AvstriyaPolşa da var.

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Prezidentinə təbrik ünvanlayıb.

Avstriya ötən 30 il ərzində ölkələrimiz arasındakı münasibətlərin inkişafını çox qənaətbəxş hesab edirbu əlaqələr qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır.

Ümidvaram ki, biz birlikdə ölkələrimiz arasındakı dostluq əlaqələrini siyasi, iqtisadi və mədəni müstəvidə daha da dərinləşdirə və inkişaf etdirə biləcəyik”, – deyə məktubda vurğulanır.

“Azərbaycan-Polşa münasibətləri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Tarixi əlaqələrimiz müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur.

Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. İqtisadiyyat, nəqliyyat və digər sahələrdəki mövcud potensialdan tam şəkildə istifadə etməklə əməkdaşlığımızı daha da möhkəmləndirə və genişləndirə bilərik” – bu sözlər isə diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Polşa Prezidenti Andjey Dudaya məktubunda yer alıb.

Xatırladaq ki, Polşa Prezidenti Andjey Duda fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin 30 illiyi isə martın 11-də tamam olacaq. Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson bu münasibətlə Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Son 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası mühüm strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün birgə çalışıblar. Mən çox şadam ki, Böyük Britaniya sərmayələrinin Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən bu əlaqələr genişlənib və çiçəklənib. İnvestisiya və ticarət artmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə sıxdır, biz iqlim dəyişikliyi və təmiz enerji, regional təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm məsələlər üzrə getdikcə daha böyük dəyər qazanan əməkdaşlığa nail olmuşuq. Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır...”, – deyə məktubda bildirilir.

 

Azərbaycan Prezidentinin Baş nazir Boris Consona məktubunda da ölkəmizin bu dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanır: “Sevindirici haldır ki, son otuz ildə ölkələrimiz arasında qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz dinamik şəkildə inkişaf etmişdir. Bu dövr ərzində iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər məmnunluq doğurur. Birləşmiş Krallıq bu günədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırmışdır...”.

 

Məktubda Birləşmiş Krallığın şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfə, ərazilərin yenidənqurulması və bərpası işlərində yaxından iştirakı da təqdirlə qeyd edilir: “İnanıram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir...”.

 

Mədəniyyət.- 2022.- 23 fevral.- S.2.