Mədəniyyət Nazirliyində Macarıstan səfiri ilə görüş

 

Mədəniyyət naziri Anar Kərimov iyulun 1-də Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyini diplomatik fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

Görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq, gələcəkdə əlaqələrin inkişafına töhfə verə biləcək, xalqlarımızın mədəni irsinin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Anar Kərimov səfirə fəaliyyət müddəti ərzində nazirlik tərəfindən həyata keçirilən təşəbbüslərdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Ölkəmiz tərəfindən irəli sürülənMədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından söz açan nazir qeyd edib ki, bu kampaniya mədəni irsin qorunması, dinc dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.

Qəbula görə təşəkkürünü bildirən səfir Viktor Sederkenyi Macarıstanla Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması, o cümlədən mədəni əməkdaşlığın önəmindən söz açıb.

 

Mədəniyyət.- 2022.- 6 iyul. S. 3.