Bölgələrdə müxtəlif səpkili tədbirlər

 

Ağstafa RMİ Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxanası şəhər parkında Xalq şairi Səməd Vurğunun (1906-1956) anım günü (27 may) ilə əlaqədar “Unutmaz bu oba, bu mahal məni” adlı səyyar sərgi təşkil edib.

 

***

 

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Adıgün” türk folklor kollektivini Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında uğurlu iştirakı ilə əlaqədar qəbul edib. Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadənin də iştirak etdiyi görüşdə Saatlıda yaşayan Axıska türklərinin adət-ənənəsi, folkloru, milli-mənəvi dəyərləri barədə söz açılıb. Kollektivə fəxri fərmanlar təqdim olunub.

 

***

 

Şəki RMİ-nin rəisi vəzifəsini icra edən Tərlan Nəsibov Balakən rayonundakı mədəniyyət müəssisələrinə baş çəkib, görülən işlərlə tanış olub. T.Nəsibov Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyi, MKS, Mədəniyyət Mərkəzi və Uşaq incəsənət məktəbində olaraq müvafiq tapşırıq və tövsiyələrini verib. O, həmçinin Vətən müharibəsi şəhidləri Harun Alqayev, Qurban Hacıbəyov və Elmir Kərimovun ailəsi ilə də görüşüb.

 

***

 

Biləsuvar RMİ Neftçala nümayəndəliyi, Gənclərin İnkişafKaryera Mərkəzi Neftçala nümayəndəliyi, rayon Gənclər və idman idarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Gənc Show” layihəsinin mükafatlandırma mərasimi olub. Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta məktəbin “Ulduzlar” komandası I, Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbin “Tufan” komandası II, Əbülfəz Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbin “Cıdır düzü” komandası isə III yerə layiq görülüb.

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.4.