Vətənin qəhrəmanları unudulmur

 

Biləsuvar RMİ Neftçala rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Nicat Hüseynovun doğum günü ilə əlaqədar “Ölməz qəhrəmanlıq – şəhidlik” adlı anım mərasimi keçirilib. Çıxışlarda şəhidin döyüş yolundan söz açılıb, onun qəhrəmanlığının gənclərimiz üçün nümunə olduğu vurğulanıb.

 

***

 

Beyləqanda şəhid Rahil Şəmil oğlu Məmmədlinin xatirəsinə bulaq kompleksi inşa olunub. Rahil Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə yer alıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olub. 2021-ci il oktyabrın 25-də xidməti tapşırığı yerinə yetirərkən Xocavəndin Tuğ kəndi ərazisindəki qəzada həlak olub. “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları, həmçinin ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

***

 

Sumqayıt RMİ N.Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Səmid Əliyevin doğum günü ilə əlaqədar “Şəhidlik ən uca zirvədir” adlı tədbir təşkil edilib.

 

RMİ-nin Qubadlı rayon nümayəndəliyinin təşkilatçılığı və Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Vüsal Allahverdiyevin xatirəsinə inşa olunan abidənin açılışı keçirilib.

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.4.