Gənclər Kitabxanasında Vətən müharibəsi qazisi ilə görüş

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar qazi Abbas Qasımovla görüş keçirilib.

Tədbiri kitabxananın direktoru Aslan Cəfərov açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, qazi Abbas Qasımovun Füzuli, Cəbrayıl, Xocavənd, Laçın istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərməsindən bəhs edib.

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, politoloq, polkovnik Elşad Həsənov, “Əziz Şuşa, biz qayıtmışıq!” filminin ssenari müəllifi və redaktoru Rasim İsmayılov, “Mədəniyyət” kanalının əməkdaşı Təranə Bakirqızı və başqa çıxış edənlər müstəqilliyin ilk dövründə pərakəndəliyin hökm sürdüyü Ordumuzun sonrakı illərdə keçdiyi inkişaf yolundan, Azərbaycan Silahlı Qüvvələrinin dəmir yumruğa çevrilərək tariximizə şanlı Zəfər yazmasından söz açıblar. Bakı Media Mərkəzinin rejissoru Cavidan Şərifov “Əziz Şuşa, biz qayıtmışıq!” filminin ərsəyə gəlməsindən, əsgərlərlə görüşündən bəhs edib.

Qazi Abbas Qasımov görüşün təşkilinə görə kitabxanaya təşəkkürünü bildirib, döyüş xatirələrindən, onunla bir yerdə döyüşən və şəhid olan silahdaşlarının qəhrəmanlığından danışıb.

 

Mədəniyyət.- 2022.- 29 iyun.- S.7.