Nazir Anar Kərimov Polşanın ölkəmizdəki səfiri ilə görüşüb

 

Mədəniyyət naziri Anar Kərimov fevralın 24-də Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Səfiri salamlayan nazir Anar Kərimov iki ölkə arasında tarixən mövcud olan dostluq əlaqələrindən söhbət açıb. Ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazir ölkəmizin irəli sürdüyü “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası haqqında məlumat verərək, Polşanı da bu qlobal çağırışa qoşulmağa dəvət edib. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.

Qəbula görə təşəkkürünü bildirən səfir Rafal Poborski iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin sıx olduğunu və hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.

Görüşdə bu günlərdə 30 illiyi tamam olan Azərbaycan-Polşa diplomatik münasibətlərinin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq zəminində davam etməsindən məmnunluq ifadə olunub.

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.3.