Vaşinqtonda Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilib

 

Vaşinqtondakı Kennedi Mərkəzinin Ədalət Forumu (Justice Forum) zalında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən təşkil olunmuş “Həqiqət və ədalət” başlıqlı tədbirdə Türkiyə, Pakistan və Qırğızıstan səfirləri, diplomatik korpusun nümayəndələri, ABŞ-ın beyin mərkəzlərinin əməkdaşları, yerli ictimaiyyət təmsilçiləri, azərbaycanlı icması iştirak edib.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ermənistanın təcavüzü nəticəsində ailəsi ilə bərabər köçkün düşmüş əslən şuşalı olan Arzu Məmmədova Xocalı faciəsi barədə danışıb, soyqırımı nəticəsində valideynlərini itirmiş uşaqlardan aldığı müsahibələrdən təəssüratlarını bölüşüb.

Ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahim Xocalı soyqırımının tarixi və mahiyyətindən bəhs edib. Bildirib ki, Xocalı soyqırımnın yalanlarla gizlədilməyə çalışılmasına baxmayaraq, bu faciə tarixin yaddaşına həkk olunub. Xəzər İbrahim ABŞ mətbuatında və beynəlxalq hesabatlarda dərc olunmuş məqalələrin əhəmiyyətini diqqətə çatdıraraq, səfirlik tərəfindən bu məlumatlardan ibarət kitabçanın nəşr edildiyini deyib.

Türkiyənin ABŞ-dakı səfiri Murad Mərcan çıxış edərək yüzlərlə azərbaycanlının həlak olduğu və minlərlə insanın zərər çəkdiyi Xocalı qətliamının Türk dünyasının faciəsi olduğunu bildirib. Səfir Azərbaycanın 44 günlük müharibədə Qələbəsindən bəhs edərək, Xocalı qurbanlarına qarşı cinayətin unudulmamasının vacibliyini vurğulayıb.

Anım tədbirində Xocalı soyqırımı zamanı ölkəmizdə olan, faciənin nəticələrinə şahidlik edən amerikalı jurnalist, “Azərbaycan gündəliyi” kitabının müəllifi Tomas Qoltzun videomüraciəti də təqdim olunub. O, Xocalıda şahid olduğu dəhşətlərdən söz açaraq Xocalıya ədalət naminə əlindən gələni etməyə hazır olduğunu bildirib. T.Qoltz “Azərbaycan gündəliyi”nin davamı olaraq yeni kitab üzərində işlədiyini və bu kitabda Azərbaycanın mədəniyyətini, ənənələrini, insanların tolerantlığını tərənnüm edəcəyini deyib.

Rəsmi hissədən sonra Azərbaycan muğamının tədqiqatçısı, kamança ifaçısı Cefri Verbok, ABŞ-da yaşayan azərbaycanlı pianoçu, “Milli musiqiqlobal mədəniyyət” cəmiyyətinin rəhbəri Nərgiz Əliyarova və skripkaçı Azər Dəmirov Xocalı qurbanlarının xatirəsinə ithaf olaraq musiqi proqramı təqdim ediblər.

Azərbaycan səfirliyinin nəşr etdirdiyi “Xocalı soyqırımı: ABŞ mediasında və beynəlxalq hesabatlarda” adlı kitabça tədbir iştirakçılarına paylanılıb.

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.8.