“Mənə ruhən yaxın olan ifaçılarla əməkdaşlıqdan çox məmnunam”

 

 

Fevralın 28-də tanınmış bəstəkar, estrada sənətimizdə öz dəst-xətti ilə seçilən populyar mahnıların müəllifi, Xalq artisti Eldar Mansurovun 70 yaşı tamam oldu.

Musiqi mədəniyyətimizdə silinməz iz qoyan Mansurovlar nəslinin layiqli davamçısı olan bəstəkar hər zaman öz şəcərəsi və doğulduğu İçərişəhərlə fəxr edib. Azərbaycan tar ifaçılığı sənətinin inkişafına böyük töhfələr bəxş etmiş Bəhram Mansurovun ailəsində doğulan Eldar Mansurov Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Bəstəkarlıq şöbəsində (Cövdət Hacıyev və Arif Məlikovun sinfi) təhsil alıb.

Yubiley günündə sənətkarla telefon əlaqəsi saxlayıb qəzetimizin kollektivi adından təbriklərimizi çatdırdıq. Eldar müəllim dedi ki, bizim nəslin “gerbində” “yaxşı ad və şərəf” sözləri qeyd olunub: “Bu, ömrü boyu atamın həyat simvolu idi. O, ailə ənənələrinə, dostlarına və sənətinə sadiq insan idi. Bu xarakter ona babalarından ötürülmüşdü...”.

Çoxsaylı mahnı və musiqi kompozisiyasının müəllifi, 70-dən artıq tamaşafilmin bəstəkarı olan Eldar Mansurov həm də estrada sənətimizdə bir çox adların parlamasının səbəbkarı kimi tanınır. Klassik, simfonik, xorkamera əsərləri bəstəkarın yaradıcılığında əsas yer tutur. Bu gün dünyanın 20 dilində ifa olunan “Bayatılar” onun mahnıları sırasında vizit kart hesab edilir. “Yeddi gözəl” adlı rok-operası, simfo-rok-muğam üslubunda yazdığı, atası Bəhram Mansurovun xatirəsinə həsr olunan “Bəhramnamə” əsərlərini də xüsusi qeyd etmək yerinə düşər.

60 illik yubileyində qəzetimizə müsahibəsində bəstəkar klassik, ciddi musiqini çox sevdiyini demişdi: “Konservatoriyanı bitirəndən sonra qarşıma məqsəd qoymuşdum ki, musiqinin bu sahəsi ilə məşğul olacağam. Amma əsərlərimi qəbul etmədilər, “Əvvəl mahnı yaz, görək necə alınır, sonra əsərlərinə baxarıq” – dedilər. Bu səbəbdən də bir müddət heç nə yazmadım. Bir gün anam dedi: “Deyirlər mahnı yaz, sən də yaz. Göstər ki, mahnı da yaza bilərsən”. Beləliklə, mənim ilk mahnılarım yarandı. Bu mahnıların ilk ifaçıları Akif İslamzadə, Flora Kərimova oldu. Daha sonra Mirzə Babayev, Elmira Rəhimova, Nisə Qasımova, Yalçın Rzazadə mahnılarımı ifa etməyə başladılar. Beləcə, məndə mahnı janrı uğurlu alındı və başladım mahnılar yazmağa. Amma bununla paralel olaraq mən ciddi musiqilər də yazırdım. Eyni zamanda mahnı janrına minnətdaram ki, məni xalqa tanıtdı. Mahnılarım sayəsində simfonikkamera əsərlərimi də lentə yazdıra bildim. Bəstələrim mənim üçün yol açdı və mən Bəstəkarlar İttifaqının 80-ci illərdə keçirilən plenum və hesabatlarında öz əsərlərimi təqdim edə bildim...”.

 

Sənətkar doğulduğu şəhərə sevgisini hər zaman dilə gətirir: “Mən Qala divarlarının içindəki Bakının insanıyam. Bu şəhərin havası, suyu ilə boya-başa çatmışam. Atam, babalarım tez-tez Bakının tarixindən danışardılar. Ona görə də mən şəhərin tarixini yaxşı bilirəm və əlbəttə ki, bu şəhəri çox sevirəm...”.

 

Estrada musiqimiz haqqında isə 10 il öncə bəstəkar belə demişdi: “Bəlkə bu gün daha yüngül ladlartürk, yunan, ərəb ritmləri dəbdə olduğu üçün estradamız belə geriləyir. Bəzən peşəkar müğənnilər də dəbdə olan musiqi janrlarının arxasınca gedirlər. Amma mən heç bir musiqini öz klassik estrada musiqimizə dəyişmərəm. İstər ifaçılarımız olsun, istərsə də bəstəkarlarımız. Azərbaycan dünya estrada musiqisi üzərində öz klassik estrada janrını yaradıb. Bunun bünövrəsini Tofiq Quliyev, Rauf Hacıyev, Oqtay Kazımi, Emin Sabitoğlu kimi əvəzsiz bəstəkarlarımız qoyub. Onların yaratdıqları əsərlər 50-60 ildir ki, dəbdən düşmür. Belə zəngin estrada musiqisini niyə görə inkişaf etdirib yaşatmamalıyıq, yad ritmlərə üstünlük verməliyik...”.

 

Sənətkar 70 rəqəminə də bir az yarızarafat-yarıciddi yanaşır və deyir ki, əgər 70-ə qədər gəlib çatmışamsa, demək, davamı da gələcək...

Eldar Mansurovun nəğmələri qəlblərə nüfuz edən, yaddaşlarda əbədi iz salan musiqilərdir. Bəlkə də bəstəkar haqlı olaraq qeyd edir ki, yaxşı musiqilər ötən illərdə qaldı. “Bu gün bütün dünyada musiqi durğunluğu hökm sürür. Musiqinin ruhu onun melodiyasıdır və əgər bu gün belə deyilsə, onda hansı yüksək motivlərdən danışmaq olar? Əsas odur ki, mən daxili dünyamın ehtiyacı olan musiqini yazmağa davam edirəm, mənə ruhən yaxın olan ifaçılarla əməkdaşlıq edirəm və bundan çox məmnunam”, – sənətkar deyir.

 

Biz də qəzetimizin kollektivi adından yubilyara cansağlığı və könlünün hər zaman məmnun olmasını arzulayırıq.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.7.