Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşa hazırlanıb

 

Lənkəran Dövlət Dram Teatrında “Şuşa İli” çərçivəsində hazırlanmış “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış keçirilib.

Vətən müharibəsində tarixi Zəfərimizi qəhrəmanlıq dastanı kimi təqdim edən səhnə əsərinə yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı Qarabağ qaziləri də tamaşa ediblər.

Teatrın baş rejissoru Anar Babalının sözlərinə görə, səhnə əsəri qısa müddətdə ərsəyə gətirilib. Tamaşada Birinciİkinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaət obrazlı şəkildə əksini tapıb. Həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinlik, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq, müzəffər Ordumuz əzmkarlıq nümayiş etdirərək otuz ilə yaxın işğalda  qalan torpaqlarımızı düşmən tapdağından azad etdi.

Tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları teatrın gənc aktyorları Səyyad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbasova ifa edirlər.

Baxışdan sonra keçirilən müzakirələrdə Qarabağ qaziləri belə bir tamaşanın hazırlanmasından məmnun qaldıqlarını bildirərək yaradıcı kollektivə uğurlar diləyiblər.

Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, 10 martMilli Teatr Günündə səhnə əsərinin premyerası keçiriləcək. “Haqqın 44 günü  tamaşası həmçinin il ərzində respublikamızın müxtəlif bölgələrində nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.3.