Xırdalandakı musiqi məktəbi pilot layihəyə qoşulub

  

Sumqayıt RMİ-nin əhatə etdiyi Abşeron rayon Mədəniyyət Mərkəzində musiqi məktəbləri nəzdində elektron musiqi üzrə təlimlərin təşkilinə dair müşavirə keçirilib.

İdarənin rəisi Rəşad Əliyev bildirib ki, müasir bədii təhsildə ilk baza təhsili alanlar həm də gələcəyin müəllimidir və onların hazırlığının məzmun və forması informasiya texnologiyalarının sürətli inkişafı ilə uzlaşmalıdır. Bununla yanaşı, bədii təhsildə müasir təlim metodlarının, innovasiyaların tətbiqi ilə yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətlərinin inkişafına nail olunması mümkündür.

Mədəniyyət sahəsi üzrə ekspert, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov elektron musiqi bacarıqlarının gənclər tərəfindən mənimsənilməsinin əhəmiyyəti və xüsusiyyətləri barədə məlumat verib.

Sonra pilot layihə kimi Xırdalan şəhər onbirillik Musiqi məktəbində “Ableton live” proqramı əsasında elektron musiqi kurslarının açılması müzakirə olunub. Dünyada geniş yayılan həmin proqram musiqini bəstələmək, aranjiman, redaktə və ifa etmək üçün imkanlar yaradır. Hazırda “Ableton” şirkətinin təşəbbüsü ilə dünya üzrə məktəblərdə proqramdan ödənişsiz istifadə üçün şərait yaradılmaqdadır. Ölkəmizdən bu proqrama qoşulmaq istəyən ilk təhsil ocağı Xırdalandakı musiqi məktəbidir.

Bildirilib ki, elektron musiqi kurslarının təşkili şəhərin mədəni mənzərəsinə innovativ elementlərin gətirilməsinə, gənclərin yaradıcı sahədə özlərini tapmasına xidmət edəcək.

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.4.