Gənc nəslə nümunə ömür

 

44 gün davam edən və şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsinin  qəhrəman şəhidlərindən biri də Lənkəran elində boya-başa çatan Valeh Asim oğlu Əkbərzadədir.

Lənkəran Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Boladi-1 kənd folklor klubunda Valeh Əkbərzadənin doğum günü münasibətilə “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı xatirə gecəsi keçirildi.

Folklor klubunun mədəni təşkilatçısı Samirə Ağayeva çıxış edərək qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verdi.

Boladi kənd bələdiyyəsinin sədri Salman Dadaşov, şəhidin atası Asim Əkbərov, anası Xədicə Əkbərova, şəhid Aqşin İbadovun atası Nazim İbadov, eləcə də mədəniyyət işçilərinin çıxışları dinlənildi, sevginisgil dolu xatirələr dilə gətirildi. Bildirildi ki, Valeh qısa, ancaq yeni nəsillərə nümunə ola biləcək bir qəhrəman ömrü yaşayıb.

Tədbirin bədii hissəsində kənd folklor klubunda fəaliyyət göstərən “Natiq” bədii qiraət dərnəyinin üzvləri doğma Vətənə övlad sevgisini, qəhrəmanlığı vəsf edən şeirlər söylədilər.

 

Zəfər Orucoğlu

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.6.