Həyata kitabla addımla

 

Uşaqların saf və məsum təbəssümü, sonsuz və zərərsiz arzuları, dünyanın bütün buzlarını əridib, bütün pisliklərini dəf edəcək qədər böyük sevgiləri nəinki cəmiyyətin, bütünlükdə bəşəriyyətin xilası ola bilər. Bunu biz böyüklərə anlada bilsələr. Bu günlər dünyada baş verən ağır hadisələr və onların yükü altında əziyyət çəkən günahsız uşaqları düşünə-düşünə yollandığım tədbirdə buna bir daha əmin oldum.

Ümumiyyətlə, axır zamanlar, xüsusən Vətən müharibəsindən sonra, şəhid və qazilərimizin övladlarının adı ilə bağlı tədbirlər məni daha çox cəlb edir. Onların gözlərinin içinə baxmağa cəsarət etməsəm də, qısa hal-əhvaldan o yana söhbətlərə gedə bilməsəm də, üzlərindəki ani sevinci, xəfif təbəssümü görmək məni inanılmaz xoşbəxt edir. O an mənə elə gəlir ki, qəhrəman atalarının da ruhları səadətə qovuşur...

Məhz bu ovqata köklənmiş tədbirlərdən biri martın 1-də Beynəlxalq Muğam Mərkəzində baş tutdu. Mədəniyyət Nazirliyinin dəstəyi və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Həyata kitabla addımla” adlı tədbir Vətən müharibəsi şəhidlərinin yadigarları ilə onları sevərək qucaqlayan həmyaşıdlarının yaddaqalan görüşü də sayıla bilər.

Qayəsində uşaqlar, onlarda kitaba sevgi və bir-birinə bağlılıq yaratmaq olan tədbirin qəhrəmanları balacalar idi. İstər səhnədə, istərsə də salonda çıxış edən, əyləşən yaş etibarilə böyük olanlar da həmin tədbirdə az da olsa qayğılarından azad olub, məsum uşaqlıqlarına qayıtmaq imkanı qazandılar.

Himnimizin səslənməsi ilə başlanan tədbirdə torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ölməz qəhrəmanlara ehtiram dərin sükutu alqışlarla əvəzlədi.

Sonra BMM-in uşaqlar sayəsində gül çələngini xatırladan salonunda, səhnəsində əsl saflıq və sevginin “hakimiyyəti” başladı. 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin yetirmələri maraqlı, rəngarəng konsert proqramı ilə haqq elədikləri alqışlarla qarşılandılar.

Balacaların sevimli nağıl, hekayə, roman qəhrəmanları, məşhur animasiya və bədii filmlərdən sevdikləri personajları – Gülməşəkərlər, Cırtdan, Göyçək Fatma, Məlikməmməd, Tıq-tıq xanım, Siçan bəy, Dələ və Sincablar, Elflər, Şahzadə, Çəkməli pişik, şələquyruq Tülkübaşqa personajlar səhnəyə çıxaraq uşaqlara kitablardan danışdılar, kitabların bilik, zövq xəzinəsi olduğunu diqqətə çatdırdılar, rəqs etdilər. Səhnə kompozisiyasında uşaqlara teatr, musiqi və ümumilikdə yaradıcılığa sevgi təlqin olunurdu.

Səhnədəkilərə qoşulub yerində oynayan, əl çalan, yaxud da sevimli personajlara səslənən balacalar Vətən sevdalısı yaşıdlarının “Xarıbülbül rəqsi”ni, döyüş ruhlu “Cəngi”ini ayaq üstdə alqışladılar.

Təşkilatçılar da əziz qonaqları – Vətən müharibəsi şəhidlərinin övladları və ümumilikdə tədbirə qatılan bütün uşaqlarla görüşə əliboş gəlməmişdilər. Onlara 1400 nüsxəyə yaxın kitab hədiyyə olundu, “Ulduzşokolad fabrikinin xüsusi olaraq hazırlanmış şirniləri paylandı.

Kitab bayramında çıxış edənlər – Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Elvin Əzizov və “Azərbaycan Nəşriyyatçıları” İctimai Birliyinin sədri Şəmil Sadiq sevgi ilə görülən hər bir işin belə uğurlu olduğunu dedilər.

Şəhid övladlarına üz tutan Şəhla Qəmbərova “Siz millətimizin, xalqımızın qürur, əyilməzlik simvolu olan şəhidlərimizin yadigarlarısınız. Gələcəyimizin sizin timsalınızda intellektual gücə böyük ehtiyacı var. Bunun üçün, əziz uşaqlar, siz dövrün, zamanın çağırışlarına uyğun elm öyrənməli, inkişafınıza təkan olan amillərə xüsusi diqqət yetirməlisiniz” dedi.

Elvin Əzizov isə balacalaraKitab hər birimizin ən yaxın dostu, ən sevincli və kədərli anımızın şahidi, ən etibarlı yol yoldaşımız, bələdçimiz olmalıdır. Xüsusən xalqımızın, dövlətimizin parlaq gələcəyi sizin kimi istedadlı və bilikli övladlardan asılıdır” tövsiyəsini verdi.

Şəmil Sadiqkitaba sevgi, uşaqlarda mütaliəyə maraq üçün bu kimi tədbirlərin daha çox olmasını arzuladı, kitabla dost olan cəmiyyətin mütləq tərəqqiyə yüksəldiyini dedi.

Kitab, sevgidostluq bayramına çevrilən tədbirin iştirakçıları sonda mərkəzin foyesində balaca rəssamların işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.

 

Həmidə

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.5.