Bəhram Nəsibov Şuşa haqqında beş mahnı yazıb

 

Sənətkarın 80 illiyi ərəfəsində işıq üzü görən kitabda bu barədə də söhbət açılır

 

 

 

O, Qarabağ torpağının füsunkar guşələrindən olan Ərgünəş dağının ətəklərində və Qozluçayın sahillərində dünyaya gəlib. Elə bəstəkar qəlbinin pıçıltısı olan yazdığı həzin və ürəyəyatan mahnılardan da Qarabağ ətri, Qarabağ havası duyulurdu.

Şahnaz təsnifi”, “Səni qəmli görəndə”, “Sən də həmdəm, mən də həmdəm”, “Xatırla məni”, “Bəxtəvər gəlin” kimi sevilən və könüllərə yol tapan nəğmələrin adını çəkəndə söhbətin Bəhram Nəsibovdan (1942-1998) getdiyi aydın olur. Müəllifinə böyük şöhrət gətirən və çox populyar olanQarabağ” mahnısı da onun uzun illər “xalq mahnısı” kimi tanınan əsərlərindən biridir. Vətən müharibəsi günlərində soydaşlarımızı birləşdirən mənəvi dəyərə çevrilən 59 yaşlı “Qarabağ” mahnısı sanki təzədən doğuldu. Həmin mahnı bu gün də dillər əzbəridir.

El arasında sevilən 200-dən çox mahnının bəstəkarı, həm də çoxlu şeir, qəzəl və bəhri-təvilin müəllifi, dünyadan vaxtsız köçən istedadlı musiqiçinin bu il 80 yaşı tamam olur. Bəstəkarın oğlu Adil Nəsibov atasının 80 illiyi ərəfəsində “Nəğmələrdə yaşayan ömür” adlı kitab nəşr edib. O, atasının bəstələri arasından Şuşaya həsr edilmiş beş mahnının not yazısını da aşkara çıxarıb. Mahnılardan dördü Şuşanın işğaldan əvvəlki dövrünü vəsf edir, biri isə Şuşa şəhərinin işğalından sonra yazılıb.

Sözləri Nüsrət Kəsəmənliyə aid olanİsa bulağı”, Rəfiq Zəkaya aid “Cıdır düzü”, Ağabəyim ağa Cavanşirə aid “Vətən bağı”, Sabir Əliyevə aidŞuşa qalası”, Əkbər Qoşalıya aid “Əziz Şuşa” mahnıları mərhum bəstəkarın Qarabağın mədəniyyət beşiyinə olan sevgisinin ifadəsidir.

Torpaq, el-oba, yurd nisgili ilə əbədiyyətə qovuşan bəstəkarın indiyə qədər ifa edilməmiş bu mahnılarına musiqi həyatı vermək Şuşanın 270 illiyinə ən yaxşı töhfələrdən biri olardı. 

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.5.