Mədəniyyət sahəsində sıx əlaqələr ölkələrarası münasibətlərə töhfədir

 

Mədəniyyət Nazirliyində Pakistan səfiri ilə görüş

 

 

2022-ci ildə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. İkitərəfli münasibətlərin bu əlamətdar yubileyi mədəni əməkdaşlığın genişlənməsi üçün də zəmin ola bilər.

Bu fikir martın 5-də mədəniyyət naziri Anar Kərimovun Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşündə vurğulanıb.

Səfiri salamlayan Anar Kərimov iki ölkə arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb. Ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

 

Nazir ölkəmizin irəli sürdüyü “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası barədə danışaraq, Pakistan İslam Respublikasını da bu qlobal çağırışa qoşulmağa dəvət edib. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır.

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Bilal Haye mədəniyyət sahəsində daha sıx əlaqələrin ölkələrimiz arasında ümumi münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələrin qurulduğu 30 il ərzində səmimi dostluq münasibətlərindən məmnunluq ifadə edilib və qarşılıqlı olaraq mədəniyyət festivallarının keçirilmə imkanları müzakirə olunub.

Eyni zamanda Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa prosesində birgə əməkdaşlıq məsələləri barədə söhbət açılıb.

 

Görüşdə Pakistan səfirinin müavini Moazzam Ali Sahito da iştirak edib.

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.3.