Filumena Marturano” səhnəyə çıxacaq

 

 

Peşə bayramı günündə milli dramaturgiyanın klassik nümunəsinə müraciət edərək repertuarından M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşasını göstərən Akademik Milli Dram Teatrı mövsümün ilk premyerasını bazar günü – martın 13-də tamaşaçıların ixtiyarına verəcək. Uzun müddətdir hazırlığı gedən və pandemiya üzündən xeyli ləngiyən “Filumena Marturano”, nəhayət, səhnəyə çıxacaq.

Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssam Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.

Baş rolları Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) oynayacaqlar.

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.2.