Dünyanı gözəlləşdirən zəriflər

 

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər təşkil olunub.

Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən Bərdə RMİ-nin rəisi İlyas Hacıyev bayram münasibətilə başda şəhid anaları olmaqla bütün Azərbaycan qadınlarını təbrik edib. RMİ-nin tabeliyindəki Tərtər rayon Heydər Əliyev Mərkəzində “Cənnətin özüdür şəhid anası” adlı tədbir keçirilib.

Sumqayıt RMİ Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Dostluq” Mədəniyyət evində “Qadınlar bir çiçəkdir” adlı konsert proqramı keçirilib. İdarə rəisi Rəşad Əliyev qadınlara təbriklərini çatdırıb, mədəniyyət sahəsində çalışan bir qrup xanıma fəxri fərmanlar təqdim edilib. RMİ-nin kollektivi əlamətdar gün münasibətilə sumqayıtlı şəhid analarına da baş çəkib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin təşəbbüsü ilə mədəniyyət sahəsində fəaliyyət göstərən bir qrup qadınla görüş keçirilib. Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov təbrik nitqi ilə çıxış edib. Görüşün sonunda xanımlara hədiyyələr təqdim olunub.

İsmayıllı RMİ Qəbələ Dövlət Rəsm Qalereyasında xanım rəssamların əl işlərindən ibarət “Dünyamızı gözəlləşdirən qadınlar” adlı sərgi təşkil edilib.

Şəki RMİ Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində “Qadınlar həyatın əbədi gözəlliyidir” adlı ədəbi-bədii axşam keçirilib. Zaqatala rayon Mərkəzi Kitabxanasında keçirilən “Azərbaycan qadını bu gün” adlı tədbirdə çıxış edən şəhid anaları Vətən uğrunda canlarından keçən qəhrəman övladları ilə fəxr etdiklərini söyləyiblər.

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənd rayon Mədəniyyət evində mədəniyyət müəssisələrində çalışan qadınlarla görüş keçiriblər.

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən mərkəzin direktoru Ləman Cəlilova əlamətdar gün münasibətilə qadınları təbrik edib. Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə konsert proqramı təqdim olunub.

Şəmkir RMİ Şəmkir şəhər Ə.Cavad adına Mədəniyyət Mərkəzi, bir sıra mədəniyyət evi və klubların təşkilatçılığı ilə konsert proqramı təqdim edilib.

Ağcabədi RMİ Ağcabədi şəhər Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində təşkil olunan tədbirdə məktəbin müəllim və şagird kollektivi xalq və bəstəkar mahnılarını ifa ediblər.

Biləsuvar RMİ-nin əməkdaşları Vətən müharibəsi şəhidi Elməddin Babayevin ailəsini ziyarət ediblər. Salyan rayon Mədəniyyət Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Ağdaş RMİ Ağdaş rayon Mədəniyyət Mərkəzi və Türyançay qəsəbə Sənətkarlıq evinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib. Ağdaş Dövlət Rəsm Qalereyasında bayram münasibətilə sərgi təşkil edilib.

Sabirabad RMİ Şirvan Dövlət Rəsm Qalereyasında satış-sərgisi təşkil olunub. Sərgidə qalereya əməkdaşları, dərnək üzvləri, həmçinin Şirvan şəhərində yaşayan dekorativ-tətbiqi sənət ustalarının 60-a yaxın əl işi nümayiş etdirilib.

Lənkəran RMİ Lənkəran şəhər MKS-də “Şəhid anası, bayramın mübarək!” adlı tədbir keçirilib. Tədbirdə Lənkəran MKS-nin direktoru Nuranə Nəsirova çıxış edib.

Gəncə RMİ-nin təşkilatçılığı ilə “Qadınlara özəl” adlı bayram konserti keçirilib. Tədbirdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası Kamera orkestrinin solistləri Elmir Pişnamazov, Vasif Bayramov (tarda Əli Əliyev) və Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbi Vokal şöbəsinin V sinif şagirdi Şöhrət İsmayılov çıxış ediblər.

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.4.