Əməkdar artist Adil Zeynalovun xatirəsi yad edilib

 

Martın 12-də Əməkdar artist, uzun illər Lənkəran Dövlət Dram Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərmiş Adil Zeynalovun vəfatının ikinci ildönümü tamam oldu. Bu münasibətlə teatrda xatirə gecəsi keçirilib.

Tədbirdən öncə sənətkarın yaşadığı evin qarşısında xatirə lövhəsinin açılışı olub.

Mərasimdə çıxış edən Xalq artisti Qabil Quliyev, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, Dövlət Yuğ Teatrının direktoru İslam Həsənov, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Əməkdar artist Sücəddin Mirzəyev, yazıçı-publisist Hafiz Mirzə, aktyorlar Natiq Fərzəliyev Əjdər Zeynalov çıxış edərək mərhum sənətkar haqqında ürək sözlərini bölüşüblər.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov çıxışında Adil Zeynalovun xatirəsinin əziz tutulduğunu, onun öz sənəti ilə lənkəranlı teatrsevərlərin qəlbində dərin iz qoyduğunu qeyd edib.

A.Zeynalovun yaxın qohumu Naib Hüseynov mərhumun xatirəsinə göstərilən diqqətə görə mərasim iştirakçılarına ailəsi adından minnətdarlığını çatdırıb.

Sonra anım tədbiri Lənkəran Dövlət Dram Teatrında davam etdirilib. Gecənin aparıcısı – aktrisa Aynur Əhmədova sənətkarın həyat və yaradıcılıq yolundan söz açıb. Bildirib ki, Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olub. 1983-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. 1977-ci ildən Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayan A.Zeynalov 1983-cü ildə aktyor truppasına qəbul olunaraq bir sıra rolları ifa edib, 2002-ci ildən ömrünün sonuna kimi teatrda quruluşçu rejissor vəzifəsində çalışıb, onlarla tamaşaya uğurlu quruluş verib. Teatr fəaliyyəti ilə yanaşı, bir sıra bədii filmlərdə də çəkilib. Teatr sənətinin inkişafında xidmətlərinə görə Adil Zeynalov 2012-ci ildə respublikanın “Əməkdar artisti adına layiq görülüb.

 

Xatirə gecəsində çıxış edənlər sənətkar barədə xatirələrini söyləyib, keçdiyi mənalı həyat yolundan, yaradıcılığından danışıblar.

 

A.Zeynalovun yaradıcılığını əks etdirən fotosərgi və tamaşalardan, çəkildiyi filmlərdən kadrlar nümayiş olunub.

 

Ağaddin Babayev

Lənkəran

 

Mədəniyyət.- 2022.- 16 mart.- S.6.