Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyov vəfat edib

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq yazıçısı, görkəmli kinodramaturq, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 11-də, ömrünün 84-cü ilində dünyasını dəyişib.

Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət, ədəbiyyat xadimləri adından rəsmi nekroloq yayılıb.

Nekroloqda qeyd olunur ki, Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. 1956–1962-ci illərdə Azərbaycan NeftKimya İnstitutunda təhsil alıb, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlayıb. Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə Ali ssenarist, 1974-cü ildə Ali rejissorluq kurslarını bitirib.

Müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli simalarından olan yazıçı çoxcəhətli fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da tanınıb. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmi çəkilib. Rüstəm İbrahimbəyov 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub, 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilib. 1976-cı ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarına, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.

Qeyd edək ki, yazıçıya ən böyük şöhrət gətirən onun ssenariləri əsasında çəkilən filmlər olub. Ssenari müəllifi kimi Azərbaycan SSR Dövlət mükafatına (1980, “Ad günü” filminə görə), SSRİ Dövlət mükafatına (1981, “İstintaqfilmi), Rusiya Federasiyasının Dövlət mükafatlarına (1993, “Urqa. Sevgi ərazisi”; 1996, “Günəşdən usanmışlar”; 1998, “Səhranın bəyaz günəşi”; 2000, “Sibir bərbəri”) layiq görülüb. Bundan əlavə, kinorejissor Nikita Mixalkovun Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkdiyi “Urqa. Sevgi ərazisi” filmi Venesiya kinofestivalının “Qızıl şir”, “Günəşdən usanmışlar” filmi Amerika Kino Akademiyasının “Oskar” (“Ən yaxşı xarici film”) və Kann kinofestivalının “Jürinin xüsusi mükafatı”nı qazanıb.

Yazıçının “Bağlı qapı arxasında qadın”, “Kaliforniyada dəfn”, “Qum üzərində ev”, “Şirəbənzər” və s. pyesləri Praqa, Berlin, Sofiya, Budapeşt, Nyu-York şəhərlərində, eləcə də Bakıda və Moskvada səhnələşdirilib. Rüstəm İbrahimbəyov Bakıda “İbrus” teatrını, Moskvada eyniadlı kino şirkətini yaratmışdı.

O, Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etməklə bərabər, MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri idi. Uzun illər yaşadığı Rusiyada da təltiflərə (“Əməkdar incəsənət xadimi” fəxri adı – 1995; “Dostluqordeni” – 2019) layiq görülmüşdü.

2000-ci ildə Fransanın “İncəsənət və Ədəbiyyat Ordeninin ali (komandor) dərəcəsinə layiq görülən Rüstəm İbrahimbəyov daha sonra Fransa parlamentində qondarma “erməni soyqırımı”nın tanınmasına etiraz olaraq bu ordendən imtina etmişdi...

 

***

 

Martın 13-də Moskvada Mərkəzi Kinematoqrafçılar Evində Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın imzaladıqları nekroloqun mətni və Rusiya Prezidenti Vladimir Putinin Rüstəm İbrahimbəyovun ailəsinə ünvanladığı başsağlığı məktubu oxunub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Rüstəm İbrahimbəyovun adı və parlaq yaradıcılığı insanların qəlbində yaşayacaq: “Rüstəm İbrahimbəyov görkəmli dramaturq, yazıçı idi. Onun kino, teatr, ədəbiyyat sahələrində çox böyük uğurları var. Belə böyük şəxsiyyət haqqında keçmiş zamanda danışmaq çətindir...”.

 

Kinorejissorssenarist, Rusiyanın Xalq artisti Andrey Konçalovski bildirib ki, Rüstəm İbrahimbəyov həm Azərbaycan, həm də Rusiya kinematoqrafında bütöv bir dövrün yaradıcısıdır. “O, parlaq simalardan biri idi. Bizsözsüz ki, Azərbaycan mədəniyyəti Rüstəm İbrahimbəyovu unutmayacağıq...”, – deyə o vurğulayıb.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Rüstəm İbrahimbəyov vətəni Azərbaycanı çox sevirdi. M.Şvıdkoy deyib: “Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən onun həyatında çox mühüm rol oynamışdı. “İstintaqfilmi 1978-ci ildə sovet kinematoqrafiyası sahəsində və siyasi aləmdə kəskin müzakirələrə səbəb olmuşdu. Lakin o zaman məhz Heydər Əliyev Rüstəm İbrahimbəyovun yaradıcılıq cəsarətini dəstəkləmişdi...”.

Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov atasının xatirəsinə göstərilən dərin ehtirama görə təşəkkürünü bildirib.

Qeyd edək ki, mərhumun nəşi martın 15-də axşam Moskvadan Bakıya gətirilib.

Rüstəm İbrahimbəyov martın 16-da torpağa tapşırılacaq.

 

Mədəniyyət.- 2022.- 16 mart.- S.4.