Elimizə bahar gəlir – bölgələrdə Novruz şənlikləri

 

Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində sonuncu ilaxır çərşənbə – Torpaq çərşənbəsi (15 mart) və qarşıdan gələn Novruz bayramı münasibətilə müxtəlif tədbirlər keçirilib.

 

Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ), rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib. Tədbirdə rayon İH başçısının birinci müavini Həsən Həsənov, RMİ-nin rəisi Fərid Qurbanzadə və digər qonaqlar çıxış edərək hərbçiləri təbrik ediblər. Daha sonra hərbi hissəyə bayram sovqatı təqdim olunub. Tədbir Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam edib.

Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən “Xonça” festivalında konsert proqramı təqdim olunub. Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kürkəndi kənd Yaradıcılıq evində isə “Novruz gəlir, yaz gəlir” adlı bayram şənliyi keçirilib.

 

***

 

Şəmkir RMİ Daşkəsən rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Yurdumuza yaz gəlir” adlı şənlik keçirilib. Şənlikdə rəngarəng əyləncəli səhnəciklər nümayiş etdirilib, bahara həsr olunmuş mahnılar ifa edilib.

 

***

 

Ağdaş RMİ Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Novruz bayramının tarixi və adətləri” adlı tədbir təşkil olunub. Çıxış edən regional idarənin Zərdab rayonu üzrə nümayəndəsi Urfan Əhmədov Novruz haqqında danışıb, təbriklərini çatdırıb.

 

***

 

Sumqayıt RMİ Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə Xızı rayon Mikayıl Müşfiq Muzeyinin həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil edilib. Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyevin də iştirak etdiyi aksiyada onlarla həmişəyaşıl ağac əkilib.

 

Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbində keçirilən konsertdə müəllimlərdən ibarət xor kollektivi, fortepiano, tar, saksofon, skripka, akkordeonda musiqi nömrələri və xalq çalğı alətləri ansamblının müşayiəti ilə mahnılar səsləndirilib.

 

Sumqayıt RMİ-nin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Beynəlxalq Qadınlar Klubunun dəstəyi ilə N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Əmanətimiz şəhid övladları” adlı bayram şənliyi təşkil olunub. Şəhid və qazi övladlarının iştirak etdiyi tədbirdə çıxış edən regional idarənin rəisi R.Əliyev, Milli Məclisin deputatları Müşfiq Məmmədli və Emin Hacıyev şəhid və qazi ailələrinin bayramını təbrik edib, onlara xoş arzularını çatdırıblar.

 

Abşeron rayon Mədəniyyət Mərkəzində “Zəfər müjdəli Novruz” adlı bayram tədbiri keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin  də qatıldığı şənlikdə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin əl işləri nümayiş etdirilib. İncəsənət ustalarının ifasında konsert proqramı maraqla qarşılanıb.

 

Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin təşkil etdiyiYurdumuza bahar gəlir” adlı bayram konsertində təhsil ocağının müəllim və şagirdləri çıxış edib, Kosa, Keçəl, Bahar qızı isə qonaqlara xoş əhval-ruhiyyə yaşadıb.

 

***

 

Lənkəran RMİ Lənkəran şəhər MKS-nin Uşaq şöbəsində keçirilən bayram şənliyində məktəblilər xalqımızın adət-ənənələrini əks etdirən səhnəciklər göstərib, şeirlər söyləyib, musiqi nömrələri təqdim ediblər.

 

***

 

Tərtər şəhərinin mərkəzi meydanında keçirilən bayram tədbirində Bərdə RMİ-nin tabeliyində fəaliyyət göstərən Tərtər rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı maraqla qarşılanıb.

 

***

 

İsmayıllı RMİ, İsmayıllı RİH və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Lahıc qəsəbəsində Torpaq çərşənbəsi qeyd olunub. Keçəllə Kosanın iştirakı ilə məzhəkə göstərilib, həmçinin “Niyalinstrumental ansamblının solistləri, “Lahıc” folklor kollektivi və aşıq Elman Talıstanlı çıxış ediblər.

 

İsmayıllı rayon F.Əzimov adına Uşaq incəsənət məktəbi və rayon MKS-nin Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı çıxış edib.

 

Ağsu şəhər Mədəniyyət evində isə “Yurdumuza bahar gəlir” adlı konsert keçirilib.

 

***

 

Ağstafa RMİ Ağstafa Dövlət Rəsm Qalereyasında “Yurdumuza yaz gəlir” başlıqlı rəsm sərgisi təşkil edilib. Qazaxda keçirilən ümumrayon tədbirində Vətən müharibəsi qazisi Elməddin Yusifovla Bənövşə Əhmədovanın nikah mərasimi olub. Tədbir daha sonra “Göyəzən” instrumental ansamblı, Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri və rayon Mədəniyyət Mərkəzinin “Qönçə” rəqs qrupunun çıxışları ilə davam etdirilib.

 

Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində isə “Bir niyyət tutaq” adlı bayram konserti təşkil edilib.

 

***

 

Xaçmaz RMİ Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Zəfər ətirli Novruzum” adlı bayram tədbiri təşkil olunub. Səhər saatlarından başlayaraq zurnaçılar şəhər sakinlərini el şənliyinə dəvət edib. Daha sonra mərkəzin qarşısında bayram tonqalı alovlandırılıb. Novruzun personajları olan Kosa və Keçəl zarafatları ilə tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb, Bahar qızı, milli geyimli gənclər tonqal ətrafında rəqs ediblər. Sonra mərkəzin foyesində sərgi təşkil olunub.

 

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində də bayram tədbiri təşkil edilib. Quba RİH başçısı Ziyəddin Əliyev rayon ictimaiyyətini bayram münasibətilə təbrik edib. Sonra respublikanın tanınmış sənətçilərinin iştirakı ilə bayram konserti olub.

 

***

 

Ağcabədi RMİ Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasında keçirilən bayram tədbirində MKS-nin direktoru Məhəbbət Əliyeva Novruz adət-ənənələri haqqında çıxış edib.

 

***

 

Biləsuvar RMİ Neftçala Dövlət Rəsm Qalereyası və rayon X.Məmmədov adına Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən bayram münasibətilə sərgi təşkil edilib.

 

***

 

Masallı RMİ Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Novruz və adət-ənənələrimiz” adlı bayram tədbiri keçirilib. Muzeyin direktoru Əntiqə Tağıyevanın çıxışından sonra qonaqlar Novruz sərgisinə baxıblar.

 

Hazırladı: N.Məmmədli

 

Mədəniyyət.- 2022.- 18 mart.- S.4.